"Həkimlərimizin Xankəndindəki ermənilərə yardım göstərmək borcudur"
"Qarabağdakı ermənilər də bizim vətəndaşlarımızdır. Cənab Prezidentin də dediyi kimi, hər biri qanunlarımızı bilməli və ona tabe olmalıdırlar".
Bu fikirləri açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev deyib.
Deputat qeyd edib ki, Azərbaycan dövləti inteqrasiyanın tərəfdarıdır:
"Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra bəyan edib ki, iki dövlət arasında düşmənçilik əbədi davam edə bilməz. Bu mənada həkimlərimizin Xankəndiyə səfəri Qarabağdakı ermənilərə inteqrasiyanın açılması üçün çox yaxşı nümunədir.
Əlbəttə ki, həkimlərimizin Xankəndindəki erməni vətəndaşlarımıza da yardım göstərməlidir, bu onların peşə borcudur. Ancaq biz Ermənistan tərəfindən qarşılıqlı addımlar görmürük. Müəyyən siyasi addımlar atılmalı, məsələyə doğru münasibət bəslənməlidir. Tarixdə istənilən müharibələr sülhlə bitib. Sülhə gedən yol da belə humanitar addımlardan başlayır. İstənilən halda həkimlərimizin bu yanaşmalarını dəstəkləyirəm. Bundan sonra, digər humanitar addımların təşkil olunması da, qarşılıqlı etimadın yaranmasına gətirib çıxaracaq. Bütün bunlar bölgədə sülhə gedən yolda faydalı addımlardır".
Mənbə: Demokrat.az