Cəmiyyət 4 Oktyabr 2022, 18:12 | Baxış sayı: 296
"Heydər Əliyevin də, Məhəmməd Əmin Rəsulzadənin də ömrü mənsub olduqları xalqın ömrü qədərdir"

“Azərbaycan Xalq Cümhuriyyətini yaradanlardan biri olan Məhəmməd Əmin Rəsulzadə ilə müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev arasında müqayisə aparılmasının özü qərəzli addımdır. Hər ikisi böyüş şəxsiyyətdir. Ulu öndər Heydər Əliyev Cümhuriyyət irsinə həmişə böyük diqqət göstərən, hörmətlə yanaşan şəxsiyyət olub. Cümhuriyyət irsinin araşdırılması, onların əziz xatirəsinin əbədiləşdirilməsi də məhz Heydər Əliyevin adı ilə bağlıdır. Belə olan halda, Məhəmməd Əmin Rəsulzadə və onun bütün silahdaşlarına çox böyük hörmət, izzətlə yanaşan Heydər Əliyev ilə onlar arasında müqayisə aparılması yanlış yanaşmadır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Deputat xatırladıb ki, Rəsulzadə 1918-1920-ci illərdə 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin əsas simalarından biri olub: “Onlara “qurucu atalar” deyirlər. Xalqımız da onları hər zaman böyük ehtiramla yad edir. Nə yaxşı ki, belə böyük şəxsiyyətlər olub. Müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında onlar da müstəsna xidmət göstəriblər. AXC olmasaydı, yəqin ki, 1922-ci ildə Sovet İttifaqı yaradılarkən Azərbaycanı heç ayrıca bir dövlət kimi də yad etməz, Rusiya Federasiyasının bir subyekti kimi qeydə alardılar. Bu baxımdan, hesab edirəm, Cümhuriyyət və onun liderlərinin Azərbaycan dövlətçiliyi tarixində müstəsna yeri və rolu var. Məhz ulu öndər Heydər Əliyevin sözləridir ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisidir. Müasir Azərbaycan dövlətçilyinin yaranması, formalaşması məhz böyük dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. O, Azərbaycanı vətəndaş müharibəsindən xilas etdi, Azərbaycanın parçalanmasının qarşısını aldı, qardaş qırğınına son qoydu, “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycanın bütün sonrakı iqtisadi inkişafının əsasını yaratdı. Məhz ulu öndər məşhur “Horadiz” əməliyyatını həyata keçirməklə Azərbaycan torpaqlarının işğaldan azad olunması prosesinin əsasını qoydu, düşməni atəşkəs imzalamağa məcbur etdi, nizami ordu yaratdı. Heydər Əliyevin sözləri idi ki, Azərbaycan gün gələcək dünyaya Günəş kimi boylanacaq. Həqiqətən də, məhz ulu öndər sayəsində Azərbaycan dünyaya bir Günəş kimi boylanıb”.

 

E.Nəsirov deyib ki, AXC-ni yaradan böyük şəxsiyyətlərin ruhu şaddır: “Çünki onların görmək istədikləri Azərbaycanı ulu öndər Heydər Əliyev yarada bildi və Azərbaycanı öz siyasi varisi cənab İlham Əliyevə təhvil verdi. Heydər Əliyev siyasətinin davamçısı İlham Əliyev Azərbaycan dövlətinə rəhbərlik edir və xalqın böyük etimadını qazanıb. AXC dövründə torpaqlarımıza Ermənistanın təcavüzü var idi. Məhz o zaman İrəvan şəhərini Azərbaycandan paytaxt kimi almışdılar. Bu gün isə ulu öndər Heydər Əliyevin siyasi varisi olan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz tarix yazdı, torpaqlarımızı işğaldan azad etdi. Cümhuriyyət liderlərinin, eyni zamanda, Məhəmməd Əmin Rəsulzadənin ruhu şaddır ki, bu gün belə güclü bir Azərbaycan dövləti var. Hesab edirəm ki, “Rəsulzadə dövlət, Heydər Əliyev hakimiyyət yaratdı” fikirlərinin müəllifi olan radikal müxalifət qruplaşmaları bu davranışları ilə öz anti-milli mahiyyətlərini ifadə edirlər. Bu xalqa nə qədər qənim kəsildiklərini, bu millətin düşməni olduqlarını ortaya qoyurlar. Milli birliyimiz bizim gücümüzdür və bunlar milli birliyimizi pozan, Azərbaycandakı vətəndaş həmrəyliyini və səfərbər olmuş cəmiyyəti həzm edə bilməyən, yuxularına buna görə haram qatmış insanlardırlar. Xalqımız belələrini görür və onlara “xain”, “satqın” deyir. Belə insanlar son nəticədə yalquzaq həyatı yaşayırlar. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan xalqının yetirdiyi böyük şəxsiyyətlərdən biridir. Heydər Əliyev isə Azərbaycan xalqının dünyaya yetirdiyi dünya səviyyəli liderdir. Heydər Əliyevin də, Məhəmməd Əmin Rəsulzadənin də ömrü mənsub olduqları xalqın ömrü qədərdir”.

Xəbərlər