“Hədsiz bahalıq olduğuna görə turistlər üçün çətinliklər yaranır, buna görə də Turizm Agentliyinin tənqid olunmasını haqlı hesab edirəm”
“Azərbaycanda hədsiz bahalıq olduğuna görə daxili və xarici turistlər üçün çətinliklər yaranır. Bahalıq səbəbindən Şahdağ kompleksinin 95 milyon manat zərərə düşdüyü barədə məlumatlar var. Ölkədə turizmi optimal şəkildə təşkil etmək lazımdır. Təəssüf ki, bu sahədə vəziyyət ürəkaçan deyil. Turizm Agentliyinin tənqid olunmasını haqlı hesab edirəm. Camaat öz ölkəsinin içində - Azərbaycanda dincəlmək, istirahət etmək istəyir. Bayram günləri ilə əlaqədar 1 həftə fürsət yaranmışdı, amma insanlar bahalıq ucbatından dincəlməyə yer tapa bilmir. Onsuz da xaricə getmək üçün aviabiletlər olduqca bahadır”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
Deputat bildirib ki, turizm vacib sektordur, inkişaf etməlidir: “Sərhədlər bağlıdır, başa düşürük. Gizlətmirəm ki, bu məsələnin müəyyən siyasi tərəfləri də var. Məsələn, Rusiya ilə sərhədin açılması Şimali Qafqazda xaosun müəyyən qədər Azərbaycana transferinə səbəb ola bilər. Yəqin ki, pandemiya ilə əlaqədar, o cümlədən İranla münasibətlər baxımından sərhədlərin açılması yubanır. Lakin Gürcüstanla sərhədləri açmaq mümkündür. Qonşu ölkələrlə turizmi müqayisə etsək, ötən il turistlərin sayı Azərbaycanda 1 milyon yarıma çatmadı. Halbuki təkcə Batumi şəhərinə 3 milyondan artıq turist getdi, Gürcüstanda turist sayı 5 milyondan artıq oldu. Bu, insanların mənfəətinə də müsbət təsir edir, eyni zamanda daxili turizm də inkişaf edir. Türkiyədə iyunun 23-24-də İstanbul və Antalya hava limanları uçus sayına görə rekord qırdılar. Orada həm daxili, həm də xarici turistlərin sayı çox olduğu üçün turizm inkişaf edir, şübhəsiz ki, xalqın dolanışığı da yaxşılaşır. Bir sıra ölkələrdə turizm dövlət büdcəsinə gəlir gətirmək baxımından ikinci-üçüncü yerdədir. Azərbaycanda da bunun olması vacibdir”.
Mənbə: pravda.az