Siyasət 20 Sentyabr 2023, 15:57 | Baxış sayı: 103
"Hədəfimizdə erməni amili yoxdur, biz terrorçuları təmizləməklə bölgəyə sülh, xoş gələcək vəd edirik"

“Təəssüflər olsun ki, xaricdən bəzi dairələr, xüsusən Fransa prosesləri fərqli müstəvidə izah etməklə Azərbaycana qarşı təzyiq mühiti formalaşdırmağa cəhd edir. Lakin bu, sadəcə imkansız istək olaraq qalacaq və cənab İlham Əliyevin dediyi kimi, heç kim bizim iradəmizə təsir edə bilməz. Əslində, Fransa özü anlamalıdır ki, bu gün regionda vəziyyətin gərginləşməsinin ilk müqəssirlərindən biri məhz elə özüdür. 30 il işğal və separatizmə dəstək verməklə Fransa regionda münaqişəli vəziyyətin davam etməsinə çalışıb. Vətən müharibəsindən sonra yaranan yeni reallıqla ifşa edilən və məğlub olan Parisin bu gün səyləri məhz keçmiş niyyətlərini davam etdirmək cəhdidir. Eyni zamanda ABŞ ilə bağlı da analoji vəziyyət hökm sürür. ABŞ Senatı və Nümayəndələr Palatası faktiki olaraq erməni lobbi yuvasına çevrilib. Son dövrlər Dövlət Departamenti rəsmilərinin belə dilindən beynəlxalq hüquqa zidd formada, açıq ermənipərəst bəyanatlar eşidirik...” 

 

Bu sözləri açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib. 

 

Deputat vurğulayıb ki, antiterror tədbirlərinin ardınca ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidentinə zəng edərək Azərbaycanın Qarabağ bölgəsində hazırkı vəziyyət ətrafında fikir mübadiləsi aparıb, atəşkəsin əldə olunmasına çağırıb və Bakı ilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri arasında birbaşa dialoqun Amerika Birləşmiş Ştatları tərəfindən dəstəkləndiyini bildirib: “Məsələ burasındadır ki, rəsmi Bakı analoji mövqeyini ilk gündən bəyan edib - biz qan tökülməsini arzu etmirik. Separatçı rejimin özünün təlxəklər yığını olan qurumlarını buraxması, erməni silahlı birləşmələrinin ağ bayraq qaldırması ilə bu proses dərhal bitə bilər. Biz dəfələrlə Qarabağın erməni icması ilə danışıqları təklif etmişik, hər dəfə separatçılar onlara Ermənistandan və Qərbdən gələn siqnallara uyğun olaraq danışıqları pozublar. Günü bu gün biz təmaslara hazırıq. Lakin ilk növbədə Qarabağ bölgəsində Azərbaycanın Konstitusiya quruluşu tam bərpa edilməlidir. Biz legitim məqsədlər naminə antiterror tədbirləri həyata keçiririk, Azərbaycan Prezidentinin də bildirdiyi kimi, “təxribatçı və təhrikçi əməllərin qarşısının alınması üçün Azərbaycan bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlamalı olub”. Bu mənada ABŞ də, digər maraqlı tərəflər də məsələlər barədə danışarkən reallıqları nəzərə almalı, ilk növbədə beynəlxalq hüququ rəhbər tutmalıdır”. 

 

B.Məhərrəmov əlavə edib: “Qarabağın separatçı rejimin mövcud olduğu hissələrində öz konstitusion quruluşunu bərpa etmək məqsədilə həyata keçirdiyi antiterror tədbirləri Azərbaycanın daxili işi olmaqla bərabər, həm də beynəlxalq hüququn ümumtanınmış prinsiplərinə, Azərbaycanın tərəfdar çıxdığı müqavilələrə, o cümlədən BMT Nizamnaməsinə tam uyğundur. Bizim hədəflərimiz aydındır, legitimdir. Bakının tədbirləri Qarabağda erməni silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan Silahlı Qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunmasına yönəlib. Eyni zamanda Vətən müharibəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdiyimiz kimi, 2020-ci il 10 noyabr Üçtərəfli Bəyanatın müddəalarının icrasını da güc yolu ilə təmin etməkdəyik. Beynəlxalq humanitar hüququn prinsiplərini rəhbər tutaraq mülki insanların zərər görməməsi üçün bütün lazımi tədbirlər görülür. Silahlı Qüvvələrimiz yalnız Ermənistanın ərazilərimizdəki Silahlı Qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələri və hərbi təyinatlı obyektləri hədəfə alır. Bunun üçün ən yüksək dəqiqlikli silahları tətbiq etməklə Azərbaycan Ordusu öz peşəkarlığı ilə dünyaya humanitar hüquq dərsi keçir. Bizim hədəfimizdə erməni amili yoxdur, biz terrorçuları, təxribatçıları təmizləməklə bölgəyə sülh və əmin-amanlıq, xoş gələcək vəd edirik”. 

pravda.az

Xəbərlər