"Həbs edilənlərin arasında Qubad İbadoğlunun da olması FETÖ-nün Azərbaycanda daha geniş şəbəkə qurmaq məqsədləri ilə əlaqədar ola bilər"
Azərbaycanda FETÖ ilə əlaqəli olan şəxslərə qarşı keçirilən əməliyyat tədbirləri zamanı həbs edilənlərin sırasında Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlunun da olması terror təşkilatının Azərbaycanda daha geniş və daha təsirli şəbəkə qurmaq məqsədləri ilə əlaqədar ola bilər.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, bütün hallarda ideoloji və siyasi terror fiziki terror təhdidlərindən daha təhlükəlidir:
"Çünki klassik terror konkret obyekti hədəf alaraq onu sıradan çıxarmağa çalışır. İdeoloji terrorun hədəfi isə daha kütləvi olur. Belə terror bütövlükdə cəmiyyətin bütün növ dəyərləri də daxil olmaqla, ümumi maraqları və siyasi şüuru təhdid edir. Bu isə olduqca təhlükəlidir. FETÖ transmilli terror təşkilatıdır və daha çox insanların dini inanclarını manipulyasiya edərək ölkə daxilndə paralel strukturlar formalaşdırır. Dövlətin və cəmiyyətin əsas institutlarında strateji məqamları ələ keçirərək milli kadr resurslarını və milli gücü dövlətin dağıdılmasına yönləndirir. Üstəlik ölkə daxilində maliyyə resurslarının idarə olunmasına da nəzarət etməyə çalışır. Bu terrorun ən təhlükəli üzünü biz 2016-cı ildə qardaş Türkiyədə baş verən 15 iyul dövlət çevrilişi cəhdlərində gördük. Bu günlərdə isə Azərbaycanın hüquq-mühafizə orqanları ölkəmizdə FETÖ terror təşkilatına üzv olma ittihamı ilə bir neçə şəxsi həbs etdi. Üstəlik Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında bu təşkilatın üzvlərini qanun qarşısına çıxardı. Hər şeydən öncə, bu iki qardaş ölkənin müvafiq qurumlarının koordinasiyalı fəaliyyəti kimi təqdir edilməlidir. Çünki nəticə etibarilə söhbət hər iki ölkənin milli təhlükəsizliyindən gedir".
Deputat qeyd edib ki, Qubad İbadoğlu 2008-2009-cu tədris ilində ABŞ-ın adı Şimali Karolina Universitetində çalışıb. Bu universitetin adı daim FETÖ üzvlərinə yaxınlığı ilə hallanıb:
"2015-2016-cı illərdə Dyuk Universitetində, 2018-2021-ci illərdə isə Ratqers Universitetində işləyib. Onu da qeyd edək ki, 2019-cu ilin iyulun 23-də “Fetogercekleri.com” saytında dərc olunmuş “ABŞ professorlarından FETÖ manipulyasiyası – FETÖ gerçekleri” başlıqlı məqalədə 15 iyul çevriliş cəhdindən sonra 50 professorun hüquq-mühafizə orqanlarının xaric edilmiş əməkdaşlarına dəstək məktubu yayımlanıb. Dəstək məktublarının müəllifləri siyahısında Şimali Karolina Universitetinin professoru Cozef Kunsun və Ratqers Universitetinin professorları Kolin Çin və Ron Klarkın da adları var. Bundan başqa, “Habertürk” televiziya kanalında 2020-ci ilin 9 sentyabrında yayımlanan “Florida Beynəlxalq Universitetinin tələbəsi FETÖ-nün ODTÜ-dəki təşkilatlanmasını üzə çıxardı” adlı xəbərdə terror təşkilatının Ankaradakı “Kaan” təxəllüslü gizli imamının da Şimali Karolina Universitetində işlədiyi qeyd olunub. Həmçinin Türkiyə mediası FETÖ-yə bağlı olan professor Abdullah Anteplinin də Dyuk Universitetində işlədiyini yazıb. Bütün bunlar Qubad İbadoğlunun FETÖ ilə müəyyən əlaqələrinin olması şübhələrini yaradır .Ona görə də Nərimanov Rayon Məhkəməsində Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib".
"Yəni belə şübhələrin doğru olub-olmamasının araşdırılması üçün hüquqi prosedur başladılıb. Azərbaycan hüquqi dövlətdir və hər bir vətəndaşın fəaliyyətinə də hüquqi müstəvidə qiymət verilir. İddiaların və şübhələrin doğru olub-olmaması da bu hüquqi prosedur başa çatdıqdan sonra ortaya çıxacaq", - H.Babaoğlu əlavə edib.
report.az