“Hazırda məhkəmə hakimləri işə çox vicdanlı yanaşırlar”
“Məhkəmə-hüquq sistemində, doğrudan da, ciddi kadr islahatları keçirilir. Bilirsiniz ki, hakimlər imtahanlar vasitəsilə işə qəbul olunur. Ali Məhkəmənin rəhbərliyi də dəyişib. Məhkəmə-Hüquq Şurasında çox ciddi dəyişiklik oldu. Beynəlxalq və milli qanunvericiliyə uyğun olmayaraq Məhkəmə-Hüquq Şurasına uzun illər boyu icra hakimiyyətinin nümayəndəsi rəhbərlik edirdi. Bu qüsur aradan qaldırıldı. İndi məhkəmə hakimiyyətinə məhz Ali Məhkəmənin sədri rəhbərlik edir. Bu da hakimiyyətin bölünməsi prinsiplərinə uyğun gəlir. Vicdanlı hakimlərimiz də var. Məsələn, deputatı olduğum Ağsu-İsmayıllı seçki dairəsi Şəki məhkəmələrinin kurasiyasındadır. Həm Şəki Apellyasiya, həm də Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimlərinin çox düzgün qərarlarına, hətta bəraət qərarlarına rast gəlmişəm. Əlbəttə, Prokurorluğun narahatlığını, bəraət hökmünə protest verməsini və s. görürəm. Bu, cinayət-prosessual qaydada həyata keçirilir. Hər bir halda hiss edirəm. Dəyişiklik oyanır, hakimlər işə çox vicdanlı yanaşırlar”.
Bu sözləri açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
“Biz də çalışırıq ki, qanununvericilikdə daha doğru, demokratiyaya uyğun qərarlar qəbul edək. 25 il əvvəl Avrasiya Fondu əsasında yazdığım kitabçada məsələ qoymuşdum ki, məhkəmə azadlığı, real məhkəmə hakimiyyəti olmadan heç bir demokratiyadan söz gedə bilməz. İnsanlar istənilən vəzifəli şəxslərin və orqanların qeyri-hüquqi hərəkətlərindən məhkəməyə şikayət hüququna malik olmalıdırlar. Məhkəmə də problemi obyektiv həll etməlidir. İşləri bu istiqamətdə aparmaq lazımdır. Məhkəmə-hüquq islahatları ilə bağlı qarşımızda olduqca böyük vəzifələr, işlər dayanır. Bunu davam etdirmək lazımdır. Qanunvericilik hakimiyyəti kimi biz də buna çox çalışırıq”, - deputat bildirib.
pravda.az