Cəmiyyət 17 Avqust 2022, 13:09 | Baxış sayı: 161
“Hamı xidmət başında etik normalara riayət etməyə borcludur”.

Milli Məclisin deputatı Azər Badamov Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə bağlı yayılan görüntülərin dövlət məmuruna yaraşmayan əxlaqsızlıq və tərbiyəsizlik olduğunu deyib. “Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə bağlı yayılan görüntülər əxlaq və etikadan kənar hərəkətlərdir. Hər bir dövlət məmuru üçün etik davranış qaydaları mövcuddur və hamı da xidmət başında bu normalara riayət etməyə borcludur. Təbii ki, həmin əməkdaşlar barəsində müvafiq ölçü götürülüb və araşdırmalar aparılır”.

Deputat təəssüflə qeyd edib ki, sosial şəbəkələrdə sözügedən məsələ ilə bağlı nazir Kəmaləddin Heydərovu günahlandırırlar: “Nazirin istefa verməli olduğunu bildirirlər. Hesab edirəm ki, bu, tamamilə yanlış yanaşmadır. FHN böyük qurumdur və bu qurumda xeyli idarə, yüzlərlə şöbə və minlərlə əməkdaş fəaliyyət göstərir. Heç bir nazir 24 saat bütün əməkdaşların başı üstündə dayanıb nəzarət həyata keçirə bilməz. Ona görə də böyük təşkilatlar belə halların baş verməsindən sığortalanmayıb. Əsas məsələ odur ki, əxlaqsızlıq və tərbiyəsizliklə məşğul olan əməkdaşlar müəyyən olunan kimi cəzalandırılır və tutduğu vəzifəsindən xaric edilir”.Mənbə: Pravda.az

Xəbərlər