Siyasət 21 Fevral 2023, 12:28 | Baxış sayı: 112
“Guya Paşinyanın rəhbərliyi altında Ermənistanda demokratik, açıq, obyektiv seçkilər keçirilir”

“Cənab Prezident İlham Əliyev olduqca nüfuzlu beynəlxalq platforma olan Münxen Təhlükəsizlik Konfransında iştirak etdi. Bu konfrans çərçivəsində Azərbaycanın həyata keçirdiyi daxili və xarici siyasət kursu, xüsusilə enerji təhlükəsizliyi, regionda dayanıqlı, uzunmüddətli sülhün bərqərar olması istiqamətində Azərbaycanın atdığı mühüm addımlar haqqında beynəlxalq istimaiyyətə, konfransda iştirak edən dünyanın siyasi elitasına geniş, müfəssəl məlumat verdi. Bunun qarşılığında biz nəyə şahidlik edirik? Azərbaycanın radikal müxalifəti yenə öz oyununu oynayır. “Azərbaycan üçün nə yaxşıdırsa, onlar üçün pisdir, nə pisdirsə, onlar üçün yaxşıdır” məntiqi ilə çıxış edirlər. Milli dönüklük xətlərinə sadiqdirlər. İndi də Paşinyandan demokrat obraz formalaşdırmağa başlayıblar. Guya Paşinyanın rəhbərliyi altında Ermənistanda demokratik, açıq, obyektiv seçkilər keçirilir. Eyni məntiqlə də Azərbaycanı ittiham etməyə başlayırlar. Təsəvvür edin ki, 30 il ərzində işğalçılıq siyasəti həyata keçirmiş,  Qarabağda hər şeyi məhv etmiş, Azərbaycanın mədəni irsini dağıtmış, daşı daş üstündə qoymamış, bütün məscidlərimizi tarımar etmiş, milli hissiyyatımıza toxunaraq orada inək, donuz saxlayaraq məscidlərimizi tövləyə çevirmiş bir dövlət və onun siyasi liderinə “demokrat” deyir, onu nümunə gətirirlər. Azərbaycanı ermənilərdən öyrənməyə dəvət edirlər. Bəzən bizim radikal müxalifət elə addımlar atır ki, bunun adı “satqınlıq”, “milli xəyanət”, “milli dönüklük”dür. İnanın ki, bəzən onların xəbis xislətlərini ifadə etmək üçün söz tapmaq olmur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir: “Demokratiya bir prosesdir və burada son nöqtə yoxdur. Heç bir dövlət deyə bilməz ki, o, demokratiyanın son nöqtəsindədir. Azərbaycan da bu yolla gedir. Cənab Prezident İlham Əliyev də bütün beynəlxalq tədbirlərdə, elə Münxendəki konfransda da bir daha qeyd etdi ki, Azərbaycanda bütün vətəndaşlar bərabər hüquqlara malikdirlər. Qarabağda yaşayan erməni azlıqlar da bizim vətəndaşlarımızdır. Azərbaycanın bütün vətəndaşlarının malik olduqları hüquqlara onlar da malik olacaqlar. Bizim radikal müxalifətin uzağagedən, xəbis niyyəti bundan ibarətdir ki, Azərbaycanın beynəlxalq ictimai fikirdə anti-demokratik obrazını formalaşdırsınlar. “Qeyri-demokratik bir ölkədə Qarabağda yaşayan ermənilər necə mövcud ola bilər, necə Azərbaycan vətəndaşı ola bilər, onların hüquqları tapdanacaq, pozulacaq” kimi anti-Azərbaycan tezisləri ilə çıxış edirlər. Bununla da əslində erməni dəyirmanına su tökmüş olurlar. Belə fikirlər səsləndirən radikal müxalifətin pasportunda Azərbaycan adı və soyadı yazılsa belə, bu, formaldır. Onlar mahiyyət və məzmunca elə ermənidən çox ermənidirlər”.

Xəbərlər