“Guya ölkə rəhbərinin sifarişi əsasında Əli Kərimli AXCP-nin sədri kimi tanınmır, bu, gülünc iddiadır”
““Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə uyğun olaraq ölkəmizdəki siyasi partiyaların yenidən qeydiyyatı həyata keçirilib. Bunun nəticəsində mövcud qanunun tələblərinə uyğun gəlməyən, minimum 5 min üzvü olmayan partiyaların fəaliyyətinə xitam verilib. Hazırda 26 siyasi partiya Azərbaycanın siyasi mühitində fəaliyyət göstərir. Onlardan biri də özünü radikal müxalifət kimi aparan və təqdim edən Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. Ən çox qanundan, hüquqdan, hüquqi dövlətdən danışan da, “Siyasi partiyalar haqqında” qanunun tələblərini pozan da, qanun pozuntusuna yol verən də məhz elə bu partiyadır”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, “Siyasi partiyalar haqqında” qanunun tələbinə görə, yeni siyasi partiyalar maliyyə fəaliyyətləri haqqında da Mərkəzi Seçki Komissiyasına hesabat verirlər: “Hesabatı vermə müddəti aprel ayının 1-də başa çatıb. Hələ bu günə qədər AXCP analoji maliyyə hesabatını MSK-ya təqdim etməyib. Səbəbini soruşanda cavabları budur ki, guya ölkə rəhbərinin sifarişi əsasında Əli Kərimli AXCP-nin sədri kimi tanınmır. Bu, gülünc iddiadır. Əvvəla, AXCP nə qədər gücə sahibdir ki, ölkə rəhbərliyi belə bir göstəriş versin? İkincisi, absurd ittihamdır. Sadəcə, öz qanun pozuntularına don geyindirmək üçün atılmış addımdır. AXCP lideri illuziyalarla yaşayır. Gördüyü yuxuları səhər həqiqət kimi təqdim edir. Ölkə Prezidenti cənab İlham Əliyev ölkənin qarşısında dayanan daxili və xarici siyasət məsələlərinin həlli ilə məşğuldur. İstəyi budur ki, ümummilli məsələlərdə iqtidar-müxalifət bölgüsü olmasın. İqtidar da, müxalifət də ölkənin taleyüklü məsələləri ilə bağlı ortaq mövqedən çıxış etsin. Dövlətə və dövlətçiliyə qarşı müxalifət mövqeyində dayanmaq olmaz. Hakimiyyətlə qarşı kimsə müxalif mövqedə ola bilər. AXCP isə özünü qeyri-adekvat aparır. Belə bir düşüncə hasil olub ki, AXCP sədri “çox böyük bir şəxsiyyətdir”, müxalifət sıralarında bu gün onun tayı-bərabəri ola biləcək lider yoxdur, yəqin ki, növbəti yüz ildə də yetişməyəcək. Bu, siyasi səbatsızlıq, siyasi ağılsızlıq, bir az da dərinə getsək, elə siyasi dəlilikdir”.
pravda.az