Siyasət 25 Aprel 2023, 15:03 | Baxış sayı: 157
“Guya Laçın-Xankəndi yolunda nəzarət-keçid məntəqəsinin qurulması müxalifətin təkidi ilə baş tutub…”

“Bəzi qüvvələr xüsusilə sosial şəbəkələrdə fikirlər səsləndirirlər ki, sanki Ermənistanla şərti sərhəd ərazisində Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-keçid məntəqəsinin qurulması müxalifətin təkidi ilə baş tutub. Onlar hələ də regionda baş verən prosesləri yaxşı dərk edə bilmirlər. Təəssüf ki, çox vaxt prosesləri qabaqlamaq istəyirlər, yaxud hansısa addımları atmağı zəruri hesab etsələr də, o addımın həmin an atılmasının nə dərəcədə böyük itkilərə, fəsadlara gətirib çıxaracağını hesablaya bilmirlər. Düşünürəm, bu cür xırda və cılız təbliğata, reklama ehtiyac yoxdur. Bu, Azərbaycan hökumətinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir. Təbii ki, nəzarət-keçid məntəqəsinin qurulması hamının istədiyi bir şey idi. Hər bir Azərbaycan vətəndaşı istəyirdi ki, post qurulsun. Bu gün də hamı istəyir ki, Rusiyanın sülhməramlı kontingentinin nəzarətindəki ərazilərdə erməni quldur dəstələri, separatçılar, qanunsuz hərbi silahlı birləşmələr çıxarılsın, separatçıların sonuncu nümayəndəsinə qədər hər kəs ərazilərimizi tərk etsin, Qarabağda sadə erməni vətəndaşlar yaşasınlar, Azərbaycan qanunları çərçivəsində həyatlarını davam etdirsinlər. Ancaq bu prosesin özü belə çox ağır və çətindir. Proqnozlar vermək, hansısa fikirlər söyləmək, hadisələri qabaqlamaq praktikada onu reallaşdırmaq qədər asan deyil”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

 

Deputat bildirib ki, nəzarət-keçid məntəqəsi quraşdırılırsa, Azərbaycan beynəlxalq ictimaiyyətin, xüsusilə erməni havadarlarının təzyiqlərinin qarşısında tab gətirə bilirsə, bu, mərhələli şəkildə həyata keçirilən uğurulu addımların nəticəsidir: “Bununla iş bitməyəcək. Yaxın dövrdə kommunikasiyaların açılmasının da şahidi olacağıq. Erməni havadarları və erməni separatçılarını dəstəkləyən qüvvələr imkan verəcəyi təqdirdə proses daha sürətli həyata keçiriləcək. Ümid edirik ki, 2023-cü ildə Ermənistanla sülh anlaşması baş tutacaq, 2024-cü ildə isə Zəngəzur dəhlizinin istifadə veriləcəyinin, 2025-ci ildə rus sülhməramlılarının Azərbaycan ərazisini tərk edəcəklərinin şahidi olacağıq. Regionda uzunmüddətli və dayanıqlı sülh olacaq. Ermənistanın təxribatlarının dayanacağının da şahidi ola biləcəyik”.

 

N.Həmzəyev deyib ki, hər kəs Ermənistanın götürdüyü öhdəliklərə əməl etmədiyinin şahidi olub: “Ermənistan qanunsuz şəkildə separatçıların silahlanması, rus sülhməramlılarının nəzarətində olan ərazilərdə ermənilərin xüsusi silahlı quldur dəstələri yaratmasına şərait yaradırdı. Bu prosesin qarşısını almaq üçün aktivistlərimiz xüsusi aksiyalar keçirdilər. Bu günə qədər də ekoloji aksiya davam edir. Digər alternativ torpaq yollarda da hərbçilərimiz tərəfindən nəzarət gücləndirildikdən sonra ermənilərin qanunsuz fəaliyyəti müəyyən dərəcədə dayandırılmışdı. Lakin heç kimə sirr deyil ki, ermənilər bu prosesi hələ də davam etdirirlər. Müxtəlif yollarla minalar, silah-sursat daşınır. Nəzarət-keçid məntəqəsinin qurulması fakitiki olaraq bu proseslərə nəzarəti daha da gücləndirməyə şərait yaradacaq. Bu yoldan humanitar məsələlər üçün həmişə olduğu kimi bundan sonra da istifadə ediləcək. Erməni əsilli vətəndaşlar da Ermənistana və Xankəndinə rahat gedbi-gələ biləcəklər. Rus sülhməramlılarının da dəstəyi ilə Qarabağda yaşayan erməni əsilli vətəndaşların Azərbaycan cəmiyyətinə inteqrasiyası prosesi sürətlənməlidir. Azərbaycan Prezident Administrasiyasının təklifi həmin şəxslər tərəfindən düzgün dəyərləndirilməli, görüşlər davam etdirilməlidir. Xüsusilə rus sülhməramlılarının moderatorluğu ilə yox, vasitəçisiz görüşlər keçirilsə, daha yaxşı nəticələr əldə etmək olar. Separatçılar, revanşist qüvvələr erməni əsilli vətəndaşların Azərbaycan cəmiyyətinə inteqrasiyasına maneə törətməməlidirlər və prosesi uzatmağın heç kimə, xüsusilə də Ermənistana faydası yoxdur”.

Xəbərlər