"Guya aksiyadakı qadınlara qarşı qeyri-etik davranılıb".
“Azərbaycanda möhkəm milli həmrəylik formalaşıb, xalqımız ölkədə yürüdülən siyasəti dəstəkləyir. Azərbaycanın əldə etdiyi uğurlar, dünyada artan nüfuzu, beynəlxalq aləmdə ölkəmizə çox böyük hörmətlə yanaşılması, Vətən Müharibəsində əldə etdiyimiz tarixi qələbə, ölkəmizin dünyada vacib aktora, söz sahibinə çevrilməsi xüsusən ermənipərəst dairələri ciddi narahat edir. Ermənipərəst Qərb dairələrinin, o cümlədən “Beşinci kolon”un nəzarətində olan media şəbəkəsi üzərindən Azərbaycanın artan nüfuzuna xələl gətirməyə çalışırlar”.
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O bildirib ki, Bakıda may 14-də keçirilən aksiya da birbaşa buna hesablanıb: “Biz əvvəl də qeyd etmişdik ki, bu aksiyanın heç bir nəticəsi olmayacaq. Çünki xalq artıq “Beşinci kolon”un ermənipərəst dairələrə xidmət etdiyini çoxdan dərk edib. Onların aksiyasının növbəti dəfə iflasa uğrayacağından heç bir şübhəmiz yox idi. Mitinq bir daha göstərdi ki, Azərbaycan daha inamla, daha güclü, qüdrətli olmaq yolunda çox ciddi addımlar atır. Bunun da təməlində xalq-iqtidar birliyi dayanır. Ölkəmizdə milli həmrəylik formalaşdığı üçün ictimai-siyasi sabitlik də yüksək səviyyədədir. Hər dəfə aksiyadan sonra guya iştirakçılara qarşı zorakılıq olmasına dair saxta məlumatlar yayırdılar. Bu dəfə də hər hansı fakt tapmadılar. İndi də başqa istiqamətdə ləkələmə, qarayaxma aparmağa çalışırlar. Guya aksiyadakı qadınlara qarşı qeyri-etik davranılıb. Təbii ki, ermənipərəst fondun maliyyə vəsaiti hesabına “Beşinci kolon” tərəfindən keçirilən qanunsuz aksiyanın iflasına görə belə söhbətlər ortaya atılır. Əlbəttə ki, insanların təhlükəsizliyinin təminatı üçün orada dövlət qurumlarının nümayəndələri olmalıdır. Ölkəmizdə daxili təhlükəsizliyin təmin olunmasında ön sırada olanlardan biri polislərdir. Heç bir arqument, fakt ortaya qoymadan belə bir iddia irəli sürmələri bu qüvvələrin nə qədər cılız və zəif olduqlarını bir daha göstərdi”.