“Gürcüstan kifayət qədər strateji dəyər qazanmağa başlayıb”
Azərbaycanın Gürcüstanla əməkdaşlığı fonunda ortaya qoyduğu model dünyaya göstərməkdədir ki, region dövlətləri nəinki öz aralarında uğurlu əməkdaşlıq edə bilir, həmçinin regionda dövlətlər arasında sağlam münasibətlər BMT məqsədlərinə və bəşəri dəyərlərə xidmət edəcək qədər ali səviyyəyə yüksələ bilər”. Bu sözləri açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Deputat sözlərinə belə davam edib: “Sirr deyil ki, uzun illər ərzində Cənubi Qafqaz bu bölgədə maraqları olan beynəlxalq güclər üçün açıq bölgə və hazır rıçaqlara malik ərazi olub və uzun illər ayrı-ayrı güc mərkəzləri separatizm, işğal kimi faktorlardan sui-istifadə edərək bölgədə müxtəlif adlar altında öz məqsəd və niyyətlərini yeridiblər. Azərbaycanın işğal və təcavüz faktoruna son qoyması, həmçinin bu il lokal antiterror tədbirləri ilə separatizmin bölgədə kökünün qazıması ilə artıq region üçün yeni bir dövr başlanıb.
Qafqaz ölkələri bir reallığa da şahiddir ki, uzun illər Qərb dövlətləri vasitəçilik və digər adlar altında regionda münaqişəli vəziyyətin, separatizmin, həmçinin işğal və təcavüz faktorunun ehtiva olunduğu status-kvonun qorunmasına və beləliklə də öz mənafelərinin təmin olunmasına çalışmışlar. Nəticədə Gürcüstan özünün ərazilərinin xeyli hissəsini qurban vermiş, həmçinin Azərbaycan 30 il səmərəsiz danışıqlar fonunda işğal faktorunun davam etməsinə, həmçinin separatizmin daha da çiçəklənməsinə dözməli olmuşdur. Lakin Azərbaycanın dəyişdiyi reallıq artıq bölgə üçün həm də yeni ümid deməkdir. Bu gün Azərbaycan və Gürcüstan əməkdaşlığı fonunda Qafqaz, nəhayət ki, uzun illər ehtiyac duyduğu dayanıqlı sülh və davamlı sabitliyə qovuşmaq şansı əldə edib.
Məhz Azərbaycan Prezidentinin təşəbbüsləri üzərində qurulmuş Azərbaycan-Gürcüstan münansiblərinin yeni mərhələsi bu gün dünyanın enerji təhlükəsizliyi və sağlam, etibarlı nəqliyyat-kommunikasiya habının formalaşmasında önəmli rol oynayır. Azərbaycanın həyata keçirdiyi layihələr əsasında artıq Gürcüstan da kifayət qədər strateji dəyər qazanmağa başlayıb. Demək ki, regionda yad ünsürlərin mövcudluğu şəraitində dövlətlərin qeyri-sağlam rəqabəti yox, birgə əməkdaşlıq və birgə fayda prinsipi daha önəmlidir. İndiki məqamda yalnız Ermənistan bu proseslərdən kənar qalıb.
Azərbaycanın regionda işğal və təcavüz faktoruna, həmçinin separatizm probleminə köklü surətdə son qoyması ilə artıq regionda yeni bir dövr başlamış, Ermənistan özü də Cənubi Qafqazdakı əməkdaşlıq platformasında təmsil olunmaq şansı əldə etmişdir. Möhtərəm cənab Prezidentin bununla bağlı Tbilisidən verdiyi bəyanat da əslində Ermənistanın dalan dövlətdən qurtulması üçün tarixi şansdan yararlanması ilə bağlı çağırış idi. İndi seçim İrəvanındır. Ermənistan ya Fransanın və digər üçüncü güclərin marioneti olmaqda davam edərək dalan dövləti kimi ianələr hesabına mövcudluğunu sürülməli, ya da cari əməkdaşlıq platformasına qoşulmaqla, nəhayət ki, siyasi və iqtisadi müstəqilliyinə doğru addımlar atmaq yolunu seçməlidir.
Azərbaycan Prezidenti və Gürcüstan Baş nazirinin mətbuata birgə bəyanatlarında da ifadə olunduğu kimi bölgənin problemlərinin bölgədə həllinə cəhd göstərərsə, belə olan halda artıq yad ünsürlərin regionda fitnə törətməsinə imkan qalmayacaq. Bu gün regionda sülh və sabitlik istəməyən yad ünsürlərin, xüsusən Fransa, Kanada, Avropa İttifaqı kimi beynəlxalq subyektlərin yeganə istinadı məhz Ermənistandır. Əlbəttə, Cənubi Qafqaz bütün dünya ölkələri üçün sülh və əmin-amanlıq məqsədlərilə, həmçinin ticari, iqtisadi münasibətlərin inkişafı üçün daim açıqdır. Lakin bərabər hüquqlu münasibətlərə əsaslanmayan, müstəmləkəçi, neokolonizm niyyəti güdən heç bir beynəlxalq subyekt burada mövqe tuta bilməz və ötən dövr ərzində Azərbaycanın Fransanı regiondan kənarlaşdırdığı kimi Fransanın niyyəti ilə bölgəyə göz dikən digər qlobal subyektləri də Fransanın taleyi gözləyir”.
sia.az