Siyasət 5 Oktyabr 2023, 16:58 | Baxış sayı: 151
“Gərək deyəydim ki, erməni əsgəri Azərbaycan əsgərinin qarşısında sürünür, iməkləyir”

“Erməni əsgərləri Azərbaycan əsgərinin qarşısında o qədər acizdir və qorxur ki, hətta səngərdə belə əyilə-əyilə gəzir”.

Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov 44 günlük Vətən müharibəsindən hələ xeyli əvvəl söyləmişdi.

Elman Nəsirovun sözlərini zaman-zaman sosial şəbəkələrdə və mediada müzakirəyə çıxaranlar deputatı tənqid edirdilər ki, “onsuz da səngərdə əyilərək gəzmək lazımdır”.
 
Amma 44 günlük Vətən müharibəsi və 19-20 sentyabr 2023-cü il tarixli antiterror tədbirlərindən sonra Qarabağdakı erməni əsgərinin həqiqətən aciz olduğu təsdiqləndi.

Bu gün artıq Azərbaycan Ordusu və polisi Xankəndi, Ağdərə, Xocalı kimi şəhər və rayonlarımızda da nəzarəti həyata keçirirlər.

Maraqlıdır, deputat Elman Nəsirov indi hansı düşüncədədir və vaxtilə onu tənqid edənlərə nə cavabı var?

Deputat açıqlamasında zamanın onu haqlı çıxardığını deyib:
 
"Bəli, mən vaxtilə demişdim ki, "erməni əsgəri Azərbaycan Ordusunun qarşısında o qədər acizdir ki, hətta səngərdə də əyilə-əyilə gəzir". Bizim ağzıgöyçəklər məni tənqid edir və fikirlərimin yanlış olduğunu söyləyirdilər. Deyirdilər ki, "onsuz da səngərdə əyilə-əyilə gəzmək mümkündür". Məsələ burasındadır ki, məni tənqid edənlərin müasir səngərlərdən xəbəri yox idi. Səngərləri 1941-45-ci illərə aid filmlərdən görüblər. 

İkinci Qarabağ müharibəsinin gedişatında müasir səngərləri də gördülər. Baxdılar ki, müasir dərin səngərlərdə əsgərlər ayaqüstə necə rahat gəzirlər. Əyilmək üçün ehtiyac yoxdur. Amma erməni əsgəri psixoloji sarsıntı altında olduğuna və qorxduğuna görə dərin səngərlərdə də əyilə-əyilə gəzirdi. Hesab edirdi ki, belə əyilsə, o canını xilas edəcək. 

İkinci Qarabağ müharibəsində Ordumuzun möhtəşəm qələbəsindən sonra dedim ki, "erməni əsgərinin əyilə-əyilə gəzdiyi ilə bağlı ifadə deyəsən tam reallığı əks etdirmir. Gərək, mən deyəydim ki, erməni əsgəri Azərbaycan əsgərinin qarşısında sürünür, iməkləyir".

Bu gün Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında növbəti dəfə tarix yazır. Bizim qarşımızda iməkləyən, sürünən erməni əsgərləri indi silahlarını təhvil verir, təslim olurlar. Onların komandirləri, separatçı liderlər, canilər isə əli qandallı Azərbaycan məhkəməsi qarşısına çıxarılır. Onlar ən sərt cəzaya layiq görüləcəklər".
 
Elman Nəsirov Azərabycana təzyiq göstərməyə çalışan dövlətlərin olduğunu söyləyib:
 
"Hesab edirəm ki, bütün dünya üçün bəlli oldu ki, Azərbaycan haqq işi uğrunda savaşır. Eyni zamanda, təəssüf hissi ilə deməliyəm ki, Fransa başda olmaqla, bəzi dünya dövlətləri bu reallığı qəbul etməməyə və Azərbaycana təzyiq göstərməyə çalışırlar. Amma daha qatar gedib. Bizim haqq işimiz qalib gəlib. Suverenliyimiz bərpa edilib. O ölkələr isə gedib özlərinin çox mürəkkəb, qəliz daxili problemlərilə məşğul olsalar, yaxşıdır".

modern.az

Xəbərlər