“Gözdən salmağa çalışırlar”
Milli Məclisin deputatı Azər Badamov parlamentin plenar iclasında “Heydər Əliyev İli” çərçivəsində yeni şəhər salınması və bu şəhərin Heydərabad adlandırılması təklifinə görə tənqid edilməsinə münasibət bildirib.
Deputat Pravda.az-a açıqlamasında təklifinin mahiyyətini açıqlayıb.
“Bakının mərkəzində göydələnlərin ucalması və avtomobillərin çoxalması şəhərin kifayət qədər yüklənməsinə gətirib çıxarıb. Həm də hamını ən çox narahat edən məsələlərdən biri yollardakı tıxaclarla bağlı problemdir. Şəhərin mərkəzinin yeni binalarla yüklənməsinin davam etməsi gələcəkdə yollarımızda avtomobillə hərəkəti mümkünsüz edəcək. O cümlədən metroda və ictimai nəqliyyatdakı sıxlıq da insanları çox narahat edir. Həm də təbii fəlakətlərdən heç bir ölkə sığortalanmayıb. Allah göstərməsin, hər hansı bir fövqəladə hal baş verərsə, onun aradan qaldırılmasının nə qədər ağır olacağını təsəvvür etmək çətin deyil. Bütün bunları nəzərə alaraq yeni bir paytaxt şəhərinin salınmasını və Bakıdakı müəyyən dövlət idarələrinin, universitetlərin ora köçürülməsini təklif etdim. Həm də yeni paytaxtı Bakının yaxınlığında dənizkənarı Yaşmada salınmasını təklif etdim ki, bu da Bakı ilə yeni paytaxt arasında gediş gəlişin rahat təmin olunmasına imkan verəcək. Düzdür, yeni şəhərin salınması böyük maliyyə tələb edir. Amma bununla yanaşı Bakıda rahat yaşayış istəyiriksə, yeni paytaxt şəhərin salınmasının zəruri olduğunu hesab edirəm. Milli Məclisdə səsləndirdiyim bu təklifimə görə tənqid edənlər insaların tıxaclarda, ictimai nəqliyyatdakı sıxlıqda çəkdiyi əziyyətdən xəbəri olmayanlardır. Onlar ancaq xalqın rahatlığına, dövlətimizin möhkəmlənməsinə bir fikir ifadə edənləri hədəf götürürlər, təhqir edirlər və cəmiyyətin gözündən salmağa çalışırlar. Hesab edirəm ki, xalqın gözü tərəzidir və kimin nəyə və hara xidmət etdiyini ayırd edə bilir”, - deputat bildirib.