Siyasət 1 İyun 2023, 15:05 | Baxış sayı: 80
“Görünür, Tahir Kərimlidə məlumat var ki, Çinlə Koreyanın qida məhsulları sırasında it ətindən istifadə də yer alır...”

Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Nəsirov ötən gün parlamentin növbədənkənar iclasında İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimlinin Bakıdakı sahibsiz itlərin Çinə və Koreyaya göndərilməsi təklifinin çinlilərə, eləcə də koreyalılara qarşı təhqir kimi dəyərləndirilməsinə münasibət bildirib.

 

E.Nəsirov Pravda.az-a açıqlamasında deyib ki, sahibsiz itlər problemi bu gün cəmiyyətii narahat edən məsələlərdən birinə çevrilib.

 

“Təkcə Bakıda deyil, bölgələrdə də oxşar vəziyyətdir. Şəxsən təmsil olunduğum Cəlilabad rayonunda bu yaxınlarda 11 yaşlı qız 5 yaşlı bacısını sahibsiz itlərin hücumundan qoruyarkən itlər ona hücum etmişdi. Çoxsaylı yaralarla xəstəxanaya yerləşdirildi, amma xilas etmək mümkün olmadı, dünyasını dəyişdi. Nəyə görə? Sahibsiz itlər faktoru var. Eyni zamanda insanlar da bildirirlər ki, belə itləri öldürmək qadağandır, əks halda həmin şəxsi yüksək cərimələr gözləyir. Bəs problemin çarəsi nədir? Necə həll etmək olar? Təbii ki, müvafiq qurumlar bu məsələlərlə bağlı ciddi ölçü götürməlidirlər. Bakıda analoji vəziyyətdir. Axşam saatlarında müəyyən ərazilərdə sahibsiz itlər müşahidə olunur. İstənilən şəxs onların hücumuna məruz qala bilər. Bu, danılmaz faktdır. Tez-tez televiziya ekranlarında bu məsələ ilə bağlı sujetlərin şahidi oluruq. Artıq ölçü götürməyin vaxtı gəlib çatıb. Sahibsiz itlər şəhərin, bölgələrin küçələrindən yığışdırılmalıdır. Artıq ölüm faktı qeydə alınıb. Bütün bu reallıqlar fonunda deputat həmkarım Tahir Kərimli də plenar iclasda məsələni qaldırdı, sahibsiz itlər probelmini dilə gətirdi, narahatlığını ifadə etdi, belə sahibsiz itlərin Çinə, Koreyaya göndərilməsi ilə bağlı fikir səsləndirdi. Bilirəm ki, onun bu fikri heç bir halda anti-Çin, anti-Koreya anlamında deyil. Sadəcə, görünür, Tahir Kərimlidə belə məlumat var ki, adıçəkilən ölkələrin qida məhsulları sırasında it ətindən istifadə də yer alır. Yəqin ki, Tahir Kərimlidə bununla bağlı müəyyən məlumat var. Ona görə də bu məsələyə siyasi don geydirməyin heç bir mənası və əsası yoxdur. Hesab edirəm, çətin məsələ deyil. “Google”da axtarış verib, Çində və Koreyada it ətindən istifadə olunub-olunmadığı sualına cavab axtarılsa, düzgün olar. Əsas budur ki, Tahir müəllimin mövqeyi Çin və Koreya əleyhinə deyil”, - E.Nəsirov bildirib.

Xəbərlər