Ümumi 2 Fevral 2023, 16:42 | Baxış sayı: 199
“Görünür, incəsənət adamları, müğənnilər deputat olublar, Səidə Sultan da həvəsə düşüb…”

Milli Məclisin deputatı Tahir Kərimli müğənni Səidə Sultanın mətbuata müsahibəsində deputat olmaq istədiyi barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.

 

T.Kərimli Pravda.az-a açıqlamasında deyib ki, deputat olmaq Azərbaycan vətəndaşlarının hüququdur.

 

“Əgər Səidə Sultan özünü deputat kimi realizə etmək istəyirsə, nə deyə bilərik? Sadəcə Səidə Sultan deputat olmağı nə üçün istəyir? Axı deputat ali hakimiyyətin nümayəndəsidir və dövlət, xalq, seçiciləri üçün faydalı işlər görməlidir. Bu, deputatın vəzifəsidir. Səidə Sultan bunları etmək üçün deputat olmaq istəyir? Bunu bilmirəm. Xarici dövlətlərdə də, bizdə də belə bir təcrübə olub. Yəni incəsənət adamları, müğənnilər deputat olublar, Səidə Sultan da həvəsə düşüb. Mən o xanımı tanımıram. Kim olur-olsun, təki Vətənə xidmət etsin. Ancaq gərək deputatlıq məsuliyyəti ola. Biləsən ki, bu, məsliyyətli işdir. Ona görə də etiraz etmirəm…”, - Tahir Kərimli bildirib.

 

Deputat özünün nə üçün deputatlığı seçdiyini isə belə izah edib:

 

“Mən nə üçün deputat olmaq istəyirdim? Çünki özümü daha çox bu sahədə realizə etmək imkanımı görürdüm. Hakim vəzifəmdən 1990-cı ildə Mixail Qorboçovun ölüm hökmü çıxarıldığına görə uzaqlaşdırıldım. 1993-cü ildə hakimiyyətim yıxıldığına görə istefa verdim. Bundan sonra uzun illər - 22 il işsiz qaldım. Düşünürdüm ki, vətənə və millətə xidmət potensialım və istəyim var. Hətta 22 yaşımda 40 maddədən ibarət “Mənim kredom” adlı yazı yazmışdım. Həmin yazı indi də qalır. Yəni gəncliyimdən mənim ürəyimdə müstəqil, demokratik, vahid Azərbaycan ideyaları olub. Ən başlıcası isə ədaləti təmin etmək... Məhz buna görə xalq hakimi olmuşdum. Deputatlıq elə bir sahədir ki, sən xalqına, millətinə təmənnasız xidmət edə bilərsən. Yəni aldığın əməkhaqqı ilə ailəni dolandırırsan, bunu inkar etmirəm. Amma bu, halal olmalıdır. Halal olması üçün, şəksiz ki, öz millət vəkili funksiyalarını yerinə yetirməlisən. Ona görə də mən bu sahədə başqa cür yaşaya bilməzdim. Bütün şüurumu, həyati potensialımı buna sərf etmək qərarına gəldim. Başqaları əylənirdilər, çayxanalarda, restoranlarda əyləncəli həyat tərzi keçirirdilər, mən isə hətta uşaqlıqdan sevdiyim şahmat, dama oyunundan belə imtina etdim ki, bütün həyatımı elmə, biliyə həsr edim, xalq arasında potensial yaradıcılıq imkanlarım olsun. Bu mənada deputat oldum. Çünki mənə korrupsiyaya bulaşmamış bir iş lazım idi. Azərbaycanı da korrupsiyadan azad edən, qanunların ali olduğu bir mərama gətirmək, vətədaşların vəziyyətini yaxşılaşdırmaq üçün deputatlıq peşəsini seçmişəm. Bu sahədə gücüm çatan qədər çalışıram. Başqa kimlər hansı yolla, necə deputat olurlar, bunu izah etmək istəməzdim. Əlbəttə, bir çoxları sərvətini, deputatlıqdan kənar başqa fəaliyyətini, vəzifəsini qoruyub-saxlamaq məqsədilə toxunulmazlıq əldə etmək üçün deputat olurlar. Ona görə də mən lap başlanğıcdan deputat toxunulmazlığının ləğvinin tərəfdarı olmuşam…”

Xəbərlər