Cəmiyyət 20 May 2022, 16:03 | Baxış sayı: 173
"Girovluqdan azad edilən Şahbaz Quliyevin açıqlamaları Azərbaycanın adı üçün yaxşı hesab olunmayan bir məsələdir".

Şahbaz Quliyevin Xural TV-yə verdiyi son müsahibəsi qalmaqala səbəb olub. Onun dediyinə görə, o, Kəlbəcər rayonuna öz ata-baba yurdlarını ziyarət etmək üçün yox, Baş nazirin sabiq müavini və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovun tapşırığı ilə gedib. İddia edir ki, hətta onlara silah, video-kamera, qumbara da verilib.

Bəzi deputatlar da bu məsələyə müzakirə bildirib:

"Bir sıra hallarda ermənilər Azərbaycan mətbuatında yayılan məlumatları götürüb ölkəmizin əleyhinə istifadə edirlər. Şahbaz Quliyevin son açıqlaması da həyata keçirdiyimiz siyasətlə uzlaşmır. 

Bu sözləri Ceyhun Məmmədov Pravda.az-a müsahibəsində deyib.

O, Ş.Quliyevin son açıqlamalarını düzgün hesab etmədiyini bildirib: “Artıq bir neçə dəfədir hansısa şəxslərə, dövlət qurumuna qarşı belə açıqlamalar verilir, ittihamlar səsləndirilir. Bu qəbuledilməzdir. “Bizə qumbara verdi və yola saldı” nə deməkdir? Bunu hansısa dövlət məmurunun, nə də dövlət qurumunun edəcəyinə heç vaxt inanmaram. Biz onların Kəlbəcərdəki səfərlərini də görmüşük, videoları da var. Bu, elə bir məsələ deyil ki, kimsə kiminsə əlinə qumbara verib desin ki, sən filan yerə get".

 

Məsələyə Tahir Kərimli də münasibət bildirib:

O hesab edir ki, ümumiyyətlə bu söhbətlər ictimailəşdirilməməlidir. "Yəqin ki, Şahbaz Quliyev bunu deyərkən söylənənlərin ölkəmiz, ictimai ortam üçün hansı mənfi nəticələrə gətirib çıxaracağının fərqinə varmayıb. Məsələnin konkret necə olduğunu deyə bilmərəm, yəni bu həqiqətdir, yoxsa yox, amma bu söhbətin ortaya çıxması narahatverici haldır. Şahbaz Quliyevin özünün bu söhbətlərdən imtina etməsinə nail olmaq lazımdır. Bilinmir ki, o bunu acıqla deyib ya necə... Ümumiyyətlə, bir insanı niyə axı bu həddə gətirirlər? Nəyə görə onun pensiya təminatını normal şəkildə həll etmirlər? Düzdür, mənə müvafiq nazirlik tərəfindən bildirilmişdi ki, onun üçün hər cür şərait yaradılıb. Görünür ki, yaradılmış şərait kifayət deyilmiş. Bu insanla normal danışmaq lazımdır. Nəzərə almaq lazımdır ki, o, uzun müddət erməni əsirliyində olub" - T.Kərimli qeyd edib.

Xəbərlər