Plenar iclaslar 23 İyun 2023, 15:22 | Baxış sayı: 93
“Gədəbəydə baş verənlər istənilən cəmiyyətə xas haldır”

“Gədəbəydə baş verənlər istənilən cəmiyyətə xas haldır. Dövlətin də əsas funksiyası onu qanun çərçivəsində həll etmək və yoluna qoymaqdır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Elnur Allahverdiyev parlamentin növbədənkənar sessiyasının iyunun 23-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O söyləyib ki, həmin hadisədən istifadə edib öz məkrli niyyətlərini həyata keçirməyə çalışan şəxslər və dairələr var:

“Açıq görünür ki, onların əsas hədəfi vətəndaşla polisi, xalqımızla dövləti üz-üzə qoymaq, nifaq salmaqdır. Şübhə yoxdur ki, onların niyyəti həmişəki kimi gözlərində qalacaq. Çünki Azərbaycanda dövlətlə xalqı, insanları qoruyan hüquq mühafizə orqanlarını bir-birinə bağlayan tellər güclüdür və sarsılmazdır. Bunun müasir tarixdə bir çox nümunələri var. Sosial şəbəkələrdə məsuliyətsiz, qızışdırıcı şərhlər yazan şəxslər və bəzilərini buna sövq edən dairələrin əsas məqsədi də məhz budur”.

O qeyd edib ki, hər bir kollektivdə kimsə səhv edə bilər: “Əgər polis də səlahiyyətlərini aşıbsa, o, mütləq qanun və təqdimatlara əsasən ya cəzasını alacaq, ya da barəsində müvafiq ölçü götürüləcək. Belə faktlar çoxdur. Polis bu kimi məlumatları cəmiyyətlə bölüşür. Unutmayaq ki, polis vətənin bütövlüyü uğrunda çoxlu şəhid verib, qazi olanları var. Polisdə də səhv edən əməkdaş ola bilər. Əminəm ki, səhv əməlin qiymətinin verilməsinin öz qaydası var. Hər kəsi ayıq olmağa çağırıram”.

Xəbərlər