Ümumi 16 Mart 2021, 18:23 | Baxış sayı: 202
Fəzail Ağamalı: "Yüz minlərlə vətəndaşı zəlil günə qoyan Elman Rüstəmov hələ də yüksək faizli bu missiyanı davam etdirir"

Milli Məclisin deputatı Fəzail Ağamalı Mərkəzi Bankın fəaliyyətini sərt tənqid edib. 

“Qafqazinfo”nun məlumatına görə, F. Ağamalı bu barədə parlamentdəki çıxışında bildirib: 

“Yüz minlərlə Azərbaycan vətəndaşını zəlil günə qoyan, onun ailəsini dağıdan, evlərini, mülklərini əllərindən alan, müasir başa bəla Azərbaycan bank sisteminin yaradıcısı olan Mərkəzi Bankın rəhbəri hələ də yüksək faizli bu missiyanı davam etdirməkdədir. Cehiz krediti deyilən istehlak kreditləri ailə quranların faciəsinə çevrilib. 50-60 min manat kredit götürüb sahibkarlıqla məşğul olmaq istəyən iş adamları kiçik bir uğursuzluğa, kreditin ödənişini gecikdirdiyinə görə əlavə faizlərlə, cərimələrlə fantastik rəqəmə çevrilən kreditin əvəzinə girov qoyduğu 200-250 minlik daşınmaz əmlakı dərhal məhkəmənin hökmü ilə müsadirə olunur. 

Sual olunur: Bu cür yanaşma, bu qədər yüksək faiz, bu qədər pula hərislik hansı ölkədə, hansı ölkənin bank sistemində var? İndi biz hər bir manata belə qənaət edib, onu Böyük Qayıdışa yönəltməliyik. 

Nə baş verir? Mərkəzi Bankın sədri elan edir ki, 31 mərtəbəli 430 milyon manatlıq Mərkəzi Bankın yeni binasının tikintisi üçün tenderin qalibi müəyyən olunub. Baş bankirə xatırlatmaq istərdim ki, həmin pulla indiki bazar qiymətiylə yüksək standartlara cavab verən 1 720 000 m2 mənzil və yaxud 12 300 yaşayış evi, bir neçə məktəb, xəstəxana, uşaq bağçası və digər sosial obyektləri tikib istifadəyə vermək olar. 

Bu cür anormal bank sistemində ciddi islahatlara böyük ehtiyac var. Tam əminəm ki, nə qədər indiki bank siyasəti mövcuddur, nə qədər ki, bank - pul – krediti icrasında fundamental dəyişikliklər aparılmayıb, vətəndaş - bank münasibətləri hazırkı bataqlıqdan çıxmayacaq. Eyni zamanda “Bank haqqında” qanun yenidən işlənilməli, Mərkəzi Bankın şəffaf olmayan maliyyə fəaliyyətinə, ştat cədvəlinin və illik smetasındakı müstəqilliyinə son qoyulmalı və bu səlahiyyətlər Milli Məclisə verilməlidir. Dünyanın milyardlarla vəsaiti olan böyük banklarının Azərbaycana gətirilməsi önəmli olardı. Bu praktikanı ölkələrində tətbiq edən Cənubi Koreya, Sinqapur, Yaponiya və Çinin reallığı göz önündədir”.

Xəbərlər