Cəmiyyət 27 Aprel 2023, 15:16 | Baxış sayı: 160
"Əfv olunan Azərbaycan vətəndaşı üçün azadlıq böyük nemətdir"

"Azərbaycanda ölkə Prezidenti tərəfindən vaxtaşırı əfv fərmanlarının imzalanması bir ənənə halını alıb". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya komitəsinin sədr müavini, deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bu hər şeydən öncə Azərbaycan Prezidentinin hüquqa humanist münasibətinin göstəricisidir: "Azərbaycan hüquqi dövlətdir və şübhəsiz ki, demokratik cəmiyyətdə hüquq sisteminin vəzifəsi və məqsədi vətəndaşları cəzalandırmaq deyil, sadəcə törətdikləri müxtəlif qanun pozuntularına görə onları islah etmək, yaxud tərbiyələndirməkdən ibarətdir. Ona görə də ümumi kütləvi ictimai təhlükə daşımayan qanun pozuntularının vaxtaşırı əfv edilməsi məhz hüququn humanist mövqeyi ilə izah olunan bir hadisədir ki, Azərbaycanda bu təcrübə çox geniş şəkildə tətbiq olunur".

Deputat sözlərinə belə davam edib: "Şübhəsiz ki, hüquq həm maarifləndirmə, həm də tərbiyəetmə vasitəsidir. Ona görə də bu addımların atılması bir daha Azərbaycan Prezidentinin və dövlətinin öz vətəndaşlarına göstərdiyi humanist mövqeyin bir formasıdır.

Belə əfv fərmanlarının imzalanması zamanı xüsusilə nəzərə alınan məsələ ondan ibarətdir ki, əfv edilənlərin yenidən cinayət törətmə, yaxud qanun pozma ehtimalları olmasın. Yaxud onların azadlığı ictimai münüsibətlərdə və digərləri üçün təhlükə və təhdid yaratmasın. Belə olan halda, bu kateqoriyaya daxil olan vətəndaşlarımız cənab Prezidentin əfv fərmanlarından yararlanmaqla öz azadlıqlarına qovuşurlar. Hər bir əfv olunan Azərbaycan vətəndaşı üçün azadlıq böyük bir nemətdir".

Xəbərlər