““Fərrux”, “Qisas” əməliyyatları Ermənistana dərs olmalıdır”
“Vətən Müharibəsindəki qələbəmizlə torpaqlarımızı işğaldan azad etməklə yanaşı, bütün dünyaya sübut etdik ki, Azərbaycan xalqı mərd, mübariz, döyüşkən bir xalqdır. Xalqımız onun torpaqlarını işğal edən, yurd yuvalarını dağıdan, övladlarını amansızlıqla qətlə yetirən düşməndən qisasını aldı. Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusu və Azərbaycan xalqının qazandığı bu Zəfər Azərbaycanın tarixinə şanlı bir gün kimi yazılacaq, gələcək nəsillər əbədi olaraq bu qələbə ilə fəxr edəcək”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
K.Əliyeva vurğulayıb ki, dünya azərbaycanlılarının qürur yeri, Qarabağın tacı, tək Azərbaycana yox, bəşəriyyətə dahi insanlar bəxş etmiş Şuşa şəhəri işğaldan azad edildikdən iki gün sonra Ermənistan məğlub olduğunu etiraf edərək kapitulyasiya aktına imza atıb: “Şuşa şəhərinin işğaldan azad edilməsində Azərbaycan oğullarının göstərdikləri şücaət, qəhrəmanlıq bütün dünyanı heyrətə salmışdı. Müharibə dövründə kimin kim olduğu sübut olundu. Ermənistan ordusunda on mindən çox fərari olub. Azərbaycan Ordusunda bir nəfər olsun fərari olmayıb. İgid oğullarımız torpaq uğrunda şəhid oldular, amma bir addım belə geri çəkilmədilər. Prezident cənab İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə bizi Qələbəyə aparan Zəfərdən, birinci Qarabağ müharibəsindəki məğlubiyyətimizə səbəb olan amillərdən, Ermənistan rəhbərliyinin sərgilədiyi qeyri konstruktiv mövqe barədə çıxış etdi. Ölkə başçımız eyni zamanda Ermənistanda baş qaldıran revanşist qüvvələrə və bölgədə gərginlik yaratmaq istəyən xaricdəki qüvvələrə ciddi xəbərdarlıq etdi. Birinci Qarabağ müharibəsi zamanı siyasətdən, dövlət idarəçiliyindən xəbəri olmayanlar hakimiyyəti zəbt etmişdilər, düşmənlə mübarizə aparmaq əvəzinə hakimiyyət uğrunda savsaşırdılar. AXC - Müsavat cütlüyü hakimiyyətə gəlmək üçün alınmaz qala olan Şuşanı ermənilərə təslim etdi. Dırnaqarası siyasətçilər hakimiyyətə gəldikdən sonra ölkədə vətəndaş müharibəsinə rəvac verdilər, talançılıqla, soyğunçuluqla məşgul oldular. Onlar Azərbaycanln müharibə yolu ilə qələbə qazana bilməyəcəyi barədə fikirlər formalaşdırırdılar. Cənab İlham Əliyev Prezident seçildikdən sonra Azərbaycanı iqtisadi cəhətdən güclü dövlətə çevirdi, Azərbaycan Ordusu dünyanın ən müasir silahları ilə təchiz edildi. Məhz güclü, dayanıqlı iqtisadiyyata malik Azərbaycan güclü Ordu yaratmağa nail oldu. Azərbaycan xalqının bir yumruq kimi Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşməsi və xalqın qüdrətli Azərbaycan Ordusuna olan inamı bizi böyük Qələbəyə çatdırdı. Prezident cənab İlham Əliyevin apardığı uğurlu və müdrik xarici siyasəti nəticəsində BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etmişdilər ki, bu da Qələbəmiz üçün çox önəmli beynəlxalq hüquqi zəmin idi. 44 günlük müharibə zamanı bəzi ölkələrin Azərbaycana qarşı siyasi addımlar atmaq çəhdləri uğursuzluqla nəticələndi. Qələbəmizi şərtləndirən amillərdən biri də Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin Vətən müharibəsində torpaq uğrunda bir olub qardaş kimi çiyin-çiyinə vuruşmaları oldu. Gələn il ölkəmizin dövlət büdcəsi rekord həddə çatır. Bu da imkan verir ki, hərbi xərclərə ayrılan məbləğ də yüksək həddə olsun. Prezident cənab İlham Əliyevin Ordumuza göstərdiyi diqqət nəticəsində bugünkü Azərbaycan Ordusu müharibədən əvvəlki ordudan da daha güclü bir orduya çevrilib. Bu gün Ermənistanda olan iqtidar da, müxalifət də, o cümlədən, xaricdən Qarabağa göndərilmiş ünsür də bilməlidilər ki, Azərbaycan a qarşı hər hansı təxribata əl atsalar onları 2020-ci ildən də ağır aqibət gözləyəcək. Bu il Qarabağda həyata keçirilən "Fərrux", " Qisas" əməliyyatları və 13-14 sentyabrda erməni təxribatına qarşı Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyat Ermənistana dərs olmalıdır. Ermənistan 10 noyabr 2020-ci il tarixli Bəyannamədə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Qarabağdan öz silahlı dəstələrini çıxarmalı və Zəngəzur dəhlizi istifadəyə verilməlidir”.