“Fransanın Əlcəzairdə törətdiyi soyqırım və müstəmləkəçilik siyasəti ilə bağlı dinləmələrin keçirilməsinin zamanı çatıb”
“Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə Fransanın müstəmləkəçilik və imperializm siyasətinin cəzasızlıq mühitində yenidən dirçəlməsidir”.
Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Bəhruz Məhərrəmov deyib ki, gər dünya birliyi Fransanın Əlcəzairdə, Ruandada, Malidə, habelə Kamboca və Cənubi Vyetnamda törətdiyi müharibə cinayətlərinə zamanında reaksiya versəydi, bu gün Paris özünü qlobal ombudsman kimi aparmağa cürət etməzdi: “Yalnız Əlcəzairdə 10 milyon, Ruandada 800 min insanın qətli əmrini vermiş bir dövlət bu gün beynəlxalq hüquq adına söz haqqına malik olmamalıdır. Elə Fransa Senatında qəbul olunan son antiazərbaycan layihəsinə baxsaq, bu, beynəlxalq hüququn ümumtanınmış prinsiplərinə açıq müdaxilədir. Paris bu layihə ilə dövlət sərhədlərinin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, dövlətlərin daxili yurisdiksiyasına aid olan məsələlərə qarışmamaq, habelə beynəlxalq hüquq çərçivəsində öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsiplərinin kobud pozuntusuna yol verdi. Bu gedişə “dur” deyilməlidir və hesab edirəm ki, birinci addım kimi Azərbaycan Parlamentində ilk növbədə Fransa Senatının beynəlxalq hüquqa təcavüzü kəskin pislənməlidir. Digər tərəfdən, bir müddət öncə cənab Prezidentin Əlcəzair səfəri zamanı Şəhidlər muzeyinin xatirə kitabında ifadə etdiyi fikirlər əslində bizim üçün aydın yol xəritəsidir və bu baxımdan, artıq Milli Məclisdə Fransanın Əlcəzairdə törətdiyi soyqırım və müstəmləkəçilik siyasəti ilə bağlı dinləmələrin keçirilməsinin zamanı çatıb. Biz yekdilliklə qəti mövqe ortaya qoymalı, dövlət səviyyəsində insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş Fransanın əsl simasını bir daha ifşa etməliyik. Həmçinin Parlamentimiz Fransanın 30 illik işğala və Ermənistanın təcavüzkar siyasətinə verdiyi açıq dəstəyini, bununla da bölgədə sülh perspektivləri üçün aşkar maneəyə çevrilməsini rəsmən pisləyən sənəd qəbul etməlidir. Əlbəttə, bizim mövqeyimiz aydındır, amma qəbul edəcəyimiz sənədlər bir daha cinayətkar Fransanın öz bəşəri təhlükəli əməllərinin nəticələrini aradan qaldırmayana, təcavüzkar niyyətlərindən əl çəkməyənə qədər hər hansı formada vasitəçi missiya yerinə yetirə bilməyəcəyinin ifadəsi ola bilər. Elə bu çərçivədə də biz Fransanın Ermənistanla sülh danışıqlarında iştirakın mümkünsüz olduğunu məhz qanun qüvvəli aktla müəyyən etməliyik”.