Siyasət 15 Mart 2023, 14:46 | Baxış sayı: 92
"Fransanın Korsikada yerli dili qadağan etməsi insanlıq əleyhinə cinayәtdir"

“Fransanın Korsikada yerli dili qadağan etməsi korsikalıları milli, etnik və mədəni əsaslara görə əsas hüquqlardan kobudcasına məhrum etməklə törədilən insanlıq əleyhinə cinayәtdir” .

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Bəhruz Məhərrəmov deyib ki, müasir dünyada, xüsusən insan hüquqlarının beynəlxalq hüququn əsas elementinə çevrildiyi bir dönəmdə irqçi, faşist ideyalarını Fransa kimi dövlət səviyyəsində təşviq edən ölkələrə çox az rast gəlinir: “İkinci belə timsala yalnız monoetnik Ermənistanda rast gəlmək mümkündür ki, Fransa dövləti də özünün dövlət siyasətinə uyğun olaraq İrəvanın bu yanaşmasını açıq formada müdafiə edir. Görünən odur ki, bir zamanlar özünün yeni insan konsepsiyası, hüquq və azadlıq ideyaları ilə öyünən Qərb dünyası Fransanın simasında bu dəyərləri itirməkdədir. Tam məsuliyyətlə deyə bilərik ki, Fransanın Korsikadakı son həmləsi əslində bəşəri təhdiddir və bu cinayətlərə "dur" deyilməzsə, Avropada yeni faşizm dalğasına rəvac verilmiş olacaq”.

Deputat qeyd edib ki, artıq Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev Bakıda Hərəkatın Təmas Qrupunun Zirvə görüşündə Fransanı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırım aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırıb: “Şərqdə, o cümlədən Azərbaycanda "hüquq ovu"na çıxan insan hüquqlarının müdafiəsi üzrə təşkilatlar, digər Qərb təsisatları, ələxsus Avropa Parlamenti riyakarcasına susmamalıdır. Qəribədir ki, bəşəri cinayətlərinə israrla davam edən Fransa utanmazcasına Azərbaycana etnik zəmində dərs keçmək, Qarabağda yaşayan ermənilərin milli haqlarının müdafiəçisi kimi çıxış etməyə başlayıb. Baxmayaraq ki, istər qanlı müstəmləkə keçmişi, istərsə də Prezident İlham Əliyevin təbiri ilə desək, müasir neokolonializm cəhdləri fonunda etnik-milli kimliklərin hüquqları barədə danışacaq axırıncı beynəlxalq subyekt Fransadır. Azərbaycanda isə istər multikultural mühit, istərsə də bu sahədə qanunvericilik bazası ən müasir tendensiyaları belə qabaqlayır. Azərbaycan Konstitusiyasının 44-cü maddəsinə əsasən, "Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır və heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz". Konstitusiyanın 45-ci maddəsində isə hər kəsin ana dilindən istifadə etmək hüququ təsbit olunub - "Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır, heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz". Daha da önəmlisi, Azərbaycan Respublikasında ən ali səviyyədə təsbit olunmuş bu müddəaların işlək norma olmasıdır. Yəni Fransa etnik haqların qorunması istiqamətdə qanunvericilik bazası və tolerant mühit baxımından Azərbaycana nəsə öyrədə yox, yalnız və yalnız Azərbaycandan öyrənə bilər”.

Xəbərlər