Siyasət 2 İyul 2023, 0:16 | Baxış sayı: 90
“Fransanın insan haqlarının müdafiəsi ilə bağlı mövqeyi artıq gülüş hədəfinə çevrilir”

“Fransa dövləti və onun ali siyasi rəhbərliyi hər zaman Fransanı dünyada demokratiyanın beşiyi, bayraqdarı kimi təqdim etmək, onu beynəlxalq ictimai fikrə məhz bu fonda sırımaq istəyir. Amma reallıqlar isə tamamilə başqa, bu mövqeyə ziddir. Son baş verən hadisələr də bu qənaəti daha da gücləndirir. Özünü söz və mətbuat azadlığının keşikçisi kimi tanıtmağa çalışan Fransada əslində söz və mətbuat boğulmaqdadır. Bunun dəfələrlə şahidi olmuşuq. İndi isə Azərbaycan Televiziyasının əməkdaşlarına qarşı törədilən hadisə bu qənaəti daha da gücləndirdi. Fransada çəkiliş aparan AzTV əməkdaşları hücuma məruz qalıblar. Onlara yüngül bədən xəsarətləri yetirilib, kameraları əllərindən alınaraq  sındırılıb. Digər texnikalarını geri tələb etdikdə isə jurnalistlərimizi silahla təhdid ediblər. Bu nə deməkdir? Hörmətli, qədirbilən oxucularımız, danışdığımız hadisə hər hansı "banan" Afrika Respublikasında baş verməyib. O ölkədə baş verib ki, həmin ölkə gecə-gündüz özünü söz və mətbuat azadlığının keşikçisi kimi təqdim edir. Əslində isə reallıq tamamilə başqadır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

“Hadisə bir daha göstərdi ki, Fransanın demokratiya oyunu var və bu oyun çərçivəsində əslində anti-demokratik addımlar atılır, bu və ya digər dövlətlərə təzyiq göstərilir, təhdid həyata keçirilir. Son baş verən hadisə əslində söz və mətbuat azadlığının boğulması və ona təzyiq, təhdid kimi qiymətləndirilməlidir. Azərbaycan tərəfi haqlı olaraq Fransanın müvafiq dövlət qurumlarını bu hadisəyə çox sərt reaksiya verməyə çağırır, cinayətkarların tezliklə saxlanılıb cəzalandırılmasını tələb edir. Azərbaycan tərəfinə vurulmuş maddi ziyanın ödənilməsi tələbini irəli sürür. Bütün bunlar reallaşdırılmalıdır, əks halda, onsuz da, Fransanın dünyada  demokratiya, insan haqlarının müdafiəsi ilə bağlı mövqeyi artıq gülüş hədəfinə çevrilir. Bu məqamda məşhur fransalı Napaleonun sözləri yada düşür: kimin daha çox nədə problemi varsa, elə o barədə hamıdan çox, ucadan danışır. Bu gün Fransa qədər demokratiyadan, insan haqlarından danışan ikinci bir dövlət yoxdur. Eyni zamanda bu dövlət qədər demokratiyanı boğan, üstündən xətt çəkən, insan haqlarını taptalayan ikinci bir dövlətə də rast gəlmək çətindir”, - deputat bildirib.

Xəbərlər