"Fransanın Azərbaycanı BMT vasitəsilə şantaj istəyi iflasa uğrayacaq"
Xəbər verdiyimiz kimi, ötən gün BMT Təhlükəsizlik Şurasında Qarabağa həsr olunmuş növbəti dinləmələr keçirilib.
İclasda çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov söyləyib ki, Ermənistanın Təhlükəsizlik Şurasına növbəti müraciəti BMT Nizamnaməsinin dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət və onların daxili işlərinə qarışmamaq ilə bağlı tələblərinin açıq formada pozulmasıdır.
Nazir qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri yalnız qeyri-qanuni hərbi obyektlərin zərərsizləşdirilməsi üçün yüksək dəqiqliyə malik döyüş sursatlarından istifadə etməklə özünü nümunəvi peşəkarlıqla aparıb.
BMT TŞ-nın növbəti dinləməsi ilə bağlı Milli Məclisin deputatı Hikmət Baboğlu danışdı.
Deputat söylədi ki, BMT Təhlükəsizlik Şurasında bu cür dinləmələrin həyata keçirilməsi əvvəlindən bəri doğru deyil:
"Çünki BMT Təhlükəsizlik Şurasında hər hansı bir dövlətin ərazisində olan öz hüququnu və öz qanunlarını tətbiq etməklə bağlı keçirdikləri tədbirlərin müzakirəsi keçirilməməlidir. Ona görə ki, məhz həmin BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyıbdır və həmin BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycan ərazisində erməni hərbi birləşmələrinin çıxarılması ilə bağlı dörd qətnaməsi var. Azərbaycanın etdiyi də budur. Çünki sentyabr ayının 19-20-də həyata keçirilən lokal antiterror tədbirləri də məhz BMT-nin qətnaməsinin yerinə yetirilməsidir ki, Azərbaycan ərazisində olan Ermənistanın hərbi birləşmələri Azərbaycan ərazisindən çıxarılsın. Belə olan halda bu cür addımlar atmaqla BMT özünü nüfuzdan salır, özünün qəbul etdiyi qətnamələri icra etmədiyi bir tərəfə, onun icra edilməsi ilə bağlı olan prosesi də üstəlik gündəliyə daşıyır. Bu, tamamilə yersizdir. Düşünürəm ki, bəzi ölkələrin, xüsusən Fransanın israrıyla BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi bu dinləmələr baş tutdu. Amma ümid edirəm ki, bu, hər hansı bir qətnamə və qərarla yadda qalmayacaqdır və bununla bağlı heç bir ümumi bəyanat da qəbul edilməyəcəkdir. Hörmətli xarici işlər nazirimiz Ceyhun Bayramovun əsaslı arqumentli çıxışı və orada Azərbaycanın dost ölkələrinin də öz mövqelərini ortaya qoyması, Fransanın Azərbaycanı BMT vasitəsilə şantaj etmək üçün atdığı növbəti addım da iflasa uğrayacaq".
redaktor.az