Siyasət 2 İyul 2023, 0:39 | Baxış sayı: 109
"Fransada irqi seçkilik, ksenofobiya, islamofobiya və diskriminasiya halları dərinləşməkdədir"

Emmanuel Makron prezident seçiləndən sonra Fransada irqi seçkilik, ksenofobiya, islamofobiya və diskriminasiya halları günü-gündən dərinləşməkdədir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Azər Badamov deyib ki, məscidlərə donuz kəllələrin atılması, müqəddəs Quran kitabının yandırılması, hicab geyinən qadınlara qarşı ədalətsizliklər və müsəlmanların təqib olunması Fransada adi hala çevrilib: “Nanter şəhərində əlcəzairli yeniyetmənin qətlə yetirilməsi də polis tərəfindən irqi zəmində törədilmiş növbəti cinayətdir. Makron hakimiyyətinin yarıtmaz siyasətinə qarşı Parisdə və digər şəhərlərdə barikadalar quran insanlar öz narazılığını bildirirlər. Fransanın Şarl de Qol, Fransua Mitteran, Jak Şirak kimi liderlərin rəhbərliyi ilə dünyada qazanılmış nüfuzu Makronun yarıtmaz siyasəti ilə heçə enib. Son illər aparılan daxili siyasəti, o cümlədən pensiya islahatları fransızların Makrona etimadının itməsinə gətirib çıxarıb”.

Deputat qeyd edib ki, Fransada iğtişaşları yatıran polislərin insanlara qarşı törətdiyi işgəncələr bütün Qərbin gözü önündə baş verir: “Amma insan hüquq və azadlıqlarından ağız dolu danışan Qərb və Avropa institutları Fransada heç nə baş verməmiş kimi insanlığa qarşı törədilən cinayətlərə göz yumur. Maraqlıdır, məsələn Türkiyədə keçirilən dünyanın ən demokratik seçkisini ləkələməyə çalışan və Azərbaycanda hüquq və azadlıqların pozulmasından danışan Qərb institutları Fransada insanlara qarşı ayrıseçkilik və diskriminasiyanı niyə görmür? İnsanların polis dəyənəyi altına salınaraq yerlə süründüyü və avtomobili idarə edən silahsız müsəlman yeniyetmənin güllə ilə qətli yetirildiyi Fransada insan haqlarının pozulması niyə beynəlxalq hesabatlara salınaraq pislənmir? Bütün bu sualların bir cavabı var. Qərb və Avropa institutlarının hesabatları digər ölkələrdə siyasi sabitliyi pozmaq və anarxiyanın yaradılması üçün Qərbin əlində bir silahdır. Onlar çalışırlar ki, digər ölkələrdə inkişaf baş verməsin və daima onların köləsinə çevrilsin. Amma dünya ayılıb və Qərb institutların siyasətinin məqsədlərini yaxşı başa düşür. Məhz dünyada ikili standartlar davam etdikcə sülh və sabitlik heç vaxt olmayacaq”.

Xəbərlər