Siyasət 31 Avqust 2023, 17:48 | Baxış sayı: 130
"Fransa sülh adı altında Cənubi Qafqazda neokolonist siyasət yeritməyə çalışır"

Avqustun 29-da Fransa prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə zəng edib.

Telefon danışığı zamanı regiondakı vəziyyət, Ağdam - Xankəndi və Laçın - Xankəndi  yollarının açılması məsələsi müzakirə olunub.

Makron bölgədə vəziyyətin sabitləşməsi və mövcud gərginliyin aradan qaldırılması üçün Fransanın da töhfə verməyə hazır olduğunu bildirib, İki ölkənin aidiyyəti qurumlarının təmaslarının davam etdirilməsini təklif edib.


“Müharibədən sonra ötən üç il ərzində Azərbaycan sülh üçün qətiyyətli addımlar atır. Təəssüf ki, Makronun rəhbərlik etdiyi Fransa da daxil olmaqla bəzi qüvvələr regionda sülh yaratmaq adı altında digər məqsədlər güdür”. 

Bu sözləri açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O, Fransa hakimiyyətinin saxtakar əməllərini sadalayıb:

“Fransa artıq bir dəfə sülhə qarşı çıxaraq regionda saxta kommunikasiyaların qurulması üçün BMT Təhlükəsizlik Şurasına müraciət edib. İkinci dəfə də guya humanitar fəlakətin qarşısını almaq üçün BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim etməyə hazırlaşır. Üstəlik Azərbaycanla  razılaşdırmadan, onun ərazisindən keçmədən Qarabağda yaşayan ermənilərə humanitar yardım göndərməyə qərar verib”. 

Deputat bildirib ki, belə olan halda Fransa prezidentinin səmiyyətinə inanmaq mümkün deyil: 

“Onun sülh əldə edilməsilə bağlı səsləndirdiyi fikirlər ciddi arqumentlərlə əsaslandırılmır. Üstəlik, bu ölkənin təşəbbüsü ilə Ermənistan – Azərbaycan sərhədinə monitorinq qrupu göndərildi, hansı ki, heç bir hüquqi əsası yoxdur. Monitorinq qrupunun nümayəndələri əsassız bəyanatlar verirlər”. 

H.Babaoğlu əlavə edib ki, Fransa sülh adı altında Cənubi Qafqazda neokolonist siyasət yeritməyə çalışır: 

“Dövlət başçısı İlham Əliyev Azərbaycanın mövqeyini açıq şəkildə ifadə edir - nə vaxt ki, Xankəndi – Ağdam yolu açılacaq, bundan sonra Laçın yolu vasitəsilə müəyyən hərəkətlər bərpa oluna bilər. Azərbaycan güzəştə getməyəcək.

Əgər Fransa prezidenti fikirlərində səmimidirsə, 30 ildən çoxdur həqiqətən də blokadada olan Zəngəzur dəhlizinin açılması ilə bağlı BMT TŞ-da məsələ qaldırardı”. 
demokrat.az

Xəbərlər