Siyasət 16 Noyabr 2022, 12:37 | Baxış sayı: 232
“Fransa Senatının qəbul etdiyi “qətnamə” kağız parçasından başqa bir şey deyil”

“Fransa Senatının dünən qəbul etdiyi “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı “qətnamə” kağız parçasından başqa bir şey deyil”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.

 

A.Əliyev təəssüf hissi ilə qeyd edib ki, məhz bu cür qızışdırıcı addımlar stabilləşməsi arzu edilən Azərbaycan-Ermənistan münasibətlərinə zərbə vurmağa hesablanıb: “Ermənistan lobbisinin təsiri nəticəsində Fransa Senatının qəbul etdiyi sənəd həqiqətdən çox uzaqdır, özlərinin separatçı mahiyyətini göstərir. Fransa uzun illər münaqişənin nizama salınması ilə əlaqədar ATƏT-dən mandat alsa da, bu illər ərzində münaqişənin həll edilməsi ilə əlaqədar heç bir irəliləmə əldə edilməmişdir. Yalnız Azərbaycan rəhbərliyinin iradəsi və xalqın ölkə başçısının ətrafındakı sıx birliyi nəticəsində tarixi torpaqlarımız işğaldan azad edildi. Bu gün ölkəmiz Avropa İttifaqı ölkələri ilə çox sıx münasibətdədir, zamanında atılan doğru addımlar nəticəsində bir sıra Avropa dövlətləri ilə dost olan Azərbaycana qarşı Fransa Senatının qəbul etdiyi qərəzli “sənəd”i şiddətlə qınayırıq. Eləcə də bildiririk ki, “Dağlıq Qarabağ” adlandırılan qondarma qurum yoxdur, Qarabağ beynəlxalq hüquqla tanınan Azərbaycanın ayrılmaz tərkib hissəsidir”.

Xəbərlər