Siyasət 2 İyun 2023, 16:07 | Baxış sayı: 100
"Fransa ölkəmizə qarşı qərəzli mövqeyini davam etdirir"

“Əvvəlcədən məlum idi ki, Kişineuda keçirilən görüşdə hər hansı ciddi nəticənin əldə olunacağı mümkün deyil. Çünki bu görüş Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin müzakirə olunacağı görüş deyildi. Onun hədəfi və məqsədi başqa idi. Avropa Siyasi Birliyi Rusiyaya mesaj vermək istəyirdi ki, “arxa baxça” adlandırdığınız Moldovada hadisələr gərginləşərsə, biz onun yanındayıq. “Dnestryanı respublika”məsələsi yenidən gündəmə gələcəksə, mövqeyimiz bəllidir. Buna uyğun addım atmaq lazımdır”.

Bu fikirləri Editor.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, “Avropa siyasi birliyi” çərçivəsində keçirilən görüşlər ölkəmiz üçün çox vacibdir:

“Ona görə ki, Avropa Birliyi Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Eyni zamanda, Mərkəzi Asiya, Cənub-Şərqi Asiya arasında da ölkəmiz mühüm logistika və kommunikasiya mərkəzidir. Beştərəfli görüşün baş tutmasının səbəbi ondan ibarət idi ki, Fransa Ermənistanla birlikdə Almaniyanı da prosesə cəlb etməklə hər hansı məsələdə öz gündəmini diqtə etməyə çalışır. Buna da nail olacağını hesab edirdi. Amma həmin arzu baş tutmadı. Görüşdən sonra Fransa prezidenti Emmanuel Makronun qərəzli açıqlamaları da bunun nəticəsi idi”.

Deputat eyni zamanda Kişineu görüşündə bəzi əsas məqamlara da diqqət çəkib:

“Beştərəfli masaya diqqətlə baxdıqda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin qarşısında dəftər və qələmin olmasını və Emmanuel Makron da ondan borc alıb eyni vərəqləri qarşısına qoymasını, Ermənistan baş naziri Nikol Paşinyanın qarşısında isə bir qədər fərqli sənədlərin yerləşməsini nəhayət Almaniya kanslerinin qarşısında adi dəftərxana ləvazimatlarının olduğunu görürük. Buradan da aydın olur ki, Makron və Paşinyan bu görüşə “işgüzar-görüş” formatı verib öz məqsədlərinə çatmaq istəyirdilər. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin masa arxasında əyləşməsi elə onlara cavab idi. Çünki ölkə başçımızın qarşısında heç bir sənəd yox idi. Bu ondan xəbər verirdi ki, sözügedən formatdan ciddi nəticə gözlənilmir. Azərbaycanla Ermənistan arasında yekun sülh əldə olunacağı yer də bura deyil. Görüşün nəticəsi istəklərimizə uyğun oldu. Yenidən Brüsseldə üçtərəfli görüşün baş tutması üçün razılıq əldə olundu “

Xəbərlər