Plenar iclaslar 2 Dekabr 2022, 12:29 | Baxış sayı: 128
"Fransa Milli Assambleyasının qətnaməsi qərəzli, qeyri-obyektiv, ədalətsiz aktdır"

"Fransa Milli Assambleyasının noyabrın 30-da qəbul etdiyi qətnamə qərəzli, qeyri-obyektiv, ədalətsiz aktdır".

“Report” xəbər verir ki, bunu Milli Məclisin (MM) spikeri Sahibə Qafarova parlamentin dekabrın 2-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qətnamə çirkin niyyətli olmaqla, ərazi bütövlüyümüzü hədəf almaqla yanaşı, beynəlxalq hüquq normalarına açıq şəkildə hörmətsizlikdir: “Qətnaməni qəti şəkildə rədd edir və bu addımı siyasi riyakarlıq kimi qiymətləndiririk”.

S.Qafarova bildirib ki, populist siyasi baxışlar əsasında Fransanın daxili siyasi gündəliyinin və müxtəlif lobbi dairələrinin maraqlarının Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir:

"Onu da qeyd etmək lazımdır ki, böyük riyakarlıqla Azərbaycanın Ermənistana qarşı müharibə cinayətləri törətməkdə ittiham edildiyi bu qətnamədə Ermənistanın ölkəmizə qarşı 30 il davam edən işğalçılıq və etnik təmizləmə siyasətinə, Xocalı soyqırımına, işğal dövründə ölkəmizin 9 şəhərinin və 300-dən artıq kəndinin viran edilməsinə  yer verilmir. Həmçinin, uydurma sənədi hazırlayan və onu dəstəkləyən Fransa Senatının və Milli Assambleyasının üzvləri     44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın şəhərlərinin ballistik raketlərlə atəşə tutulmasına, total minalama və mina terroru siyasətinə, itkin düşmüş 4 min nəfərə yaxın vətəndaşımızın taleyinə, kütləvi məzarlıqların yerləri barədə Ermənistan tərəfindən məlumat verilməməsinə göz yumurlar. 
Əlbəttə, bu faktların özü belə Azərbaycana qarşı təşkil olunan bu ucuz siyasi sifarişin məqsədlərini açıq şəkildə göstərir. 
Biz burada dünyanın müxtəlif bölgələrində 50-dən artıq dövlətin ərazisini işğal etmiş, sərvətlərini talamış, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın törətdiyi vəhşiliklər, insanlıq əleyhinə cinayətləri, eləcə də müharibə cinayətləri haqqında danışmaq istəmirik. Yaxşı məlumdur ki, Fransanın öz tarixi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə zəngindir və bu faktlar hər kəsə məlumdur. Bu ölkə tərəfindən törədilmiş soyqırımı cinayətləri Fransanın siyasi tarixində, eləcə də bəşəriyyət tarixində silinməsi mümkün olmayan qara ləkədir".

MM sədri deyib ki, müstəqil Azərbaycan Respublikası bütün ölkələrlə münasibətləri hüquq bərabərliyi və qarşılıqlı hörmət əsasında inkişaf etdirir:

"Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfər ərazi bütövlüyümüzün və ədalətin bərpasını təmin edib. 

Bu gün Azərbaycan öz əzəli, tarixi torpaqları olan Qarabağda və Şərqi Zəngəzurda böyük quruculuq və bərpa işləri aparır. Bununla əlaqədar olaraq, Fransa parlamentinin üzvləri Cənubi Qafqazda baş verən hadisələrin təhrif edilməsi cəhdlərindən əl çəkməli, Azərbaycanla Ermənistan arasında sivil dövlətlərarası münasibətlərin qurulması üçün yaranmış tarixi imkanın qarşısını ala bilən hərəkətlərə son qoymalıdırlar".

Xəbərlər