"Fransa ilə münasibətlərə yenidən baxılmalıdır"
“Bu gün Fransa özünü güc mərkəzi kimi təqdim etməyə çalışır”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.
Deputat bildirib ki, Fransanın son vaxtlar Azərbaycana qarşı tutmuş olduğu qərəzli mövqe xalqımız tərəfindən etirazla qarşılanır: “Bu qətnamə Makronun bir müddət əvvəl Fransa telekanallarından birinə müsahibəsinin davamı kimi qiymətləndirilməlidir. Qətnamədə Azərbaycana embarqo qoyulması təklif edilir. Əslində Senat və Makron Avropa İttifaqı daxilində separatizmin əsasını qoyurlar. Çünki Avropa İttifaqı və Azərbaycan arasında enerji ixracı ilə bağlı strateji sənəd bu il imzalanıb. Fransa Senatı qətnamədə bizə qarşı absurd, qərəzli mövqe ortaya qoymaqdan çəkinmir, utanmır. Ərazi bütövlüyümüzə qəsd edən Ermənistanın yanında olduğunu Fransa birmənalı şəkildə ifadə edir. Belə faktlar çoxdur, Makronun dövründə bu faktlar daha çox artıb. Bu gün Makron və Fransa UNESCO-ya da təsir göstərir və Azərbaycana qarşı mövqe ortaya qoyur. UNESCO-nun tarixində olmayan addımı Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva dünən atdı. Təklif edirəm ki, bizim Fransa ilə münasibətlərimizə yenidən baxılsın, səfirlimiz geri çağırılsın. Fransa ilə bizim diplomatik münasibətlərimizi davam etdirməyin mənası yoxdur”.