"Fransa artıq "sülh" pərdəsi arxasında gizlənə bilmir, işğalçı mahiyyətini ortaya qoyur"
"Vaxtilə saxta sülh mesajları verən Fransa kimi ölkələr artıq gerçək simalarını nümayiş etdirirlər".
Bunu açıqlamasında Milli Məclisin üzvü Fatma Yıldırım deyib.
Deputatın sözlərinə görə, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi Ermənistana havadarlıq edən beynəlxalq dairələri ciddi narahat edir: "Bu səbəbdəndir ki, ölkəmizə qarşı qərəzli sənədlər qəbul olunur, eləcə də, əsassız ittihamlar irəli sürülür. Bütün bunlar iflasa uğrayanda isə Ermənistanın silahlandırılmasına başlanılıb.
Ermənistanın silahlandırılması prosesində Fransa öndə gedir. Görünən odur ki, Azərbaycanın qətiyyəti, suverenliyini tam bərpa etməsi onların işini çətinə salıb. Bunun nəticəsidir ki, həmin qüvvələr artıq saxta "sülh" pərdəsi arxasında gizlənə bilmir, özlərinin əsl simalarını, dağıdıcılığa, terrorizmə və işğalçılığa yönəlik, sülhə təhdid yaradan mahiyyətlərini ortaya qoyurlar".
Milli Məclisin üzvü xatırladıb ki, 44 günlük Vətən müharibəsindən sonra Fransa Azərbaycanın haqlı və ədalətli mövqeyini nəinki müdafiə etmədi, əksinə, 30 ilə yaxın vasitəçilik missiyasına nəzərən özünün bitərəfliyini də qorumadı: "Rəsmi Paris birmənalı şəkildə işğala, separatizmə dəstək verdi. Lokal antiterror tədbirlərindən sonra isə Fransa ölkəmizə münasibətdə daha aqressiv mövqe sərgiləyir. Bunun nümunəsi kimi sözügedən ölkənin Ermənistanı silahlandırmasını göstərmək olar. Artıq Fransa istehsalı olan hücum xarakterli hərbi texnikaların Ermənistana göndərilməsi ilə bağlı faktlar mediada yayılıb. Fransa Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda yenidən müharibəni alovlandırmaq məqsədi güdür. Rəsmi Paris Avropa İttifaqının xətti ilə aylar öncə Ermənistana göndərilmiş "yarımjandarma" kəşfiyyat qrupunun üzərindən də yeni təxribatlara, yeni eskalasiyalara əl atmaq niyyətindədir. Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının tərkibinin və fəaliyyət sferasının genişləndirilməsi istiqaməti də buna dəlalət edir. Kanadadan sonra ABŞ-nin də bu missiyaya qoşulmaq istəyi, Avropa İttifaqının Sülh Fondunun Ermənistanda fəaliyyətə başlaması Qərbin Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək məqsədlərindən xəbər verir.
Sual olunur ki, Ermənistan Azərbaycana qarşı hərbi təcavüz zamanı kütləvi qırğınlar və insanlıq əleyhinə cinayətlər törədəndə, torpaqlarımızı 30 il işğal altında saxlayanda bu ölkələr niyə susurdu? Amma Azərbaycanın öz suveren ərazilərində heç bir mülki əhalini hədəf almadan həyata keçirdiyi antiterror tədbirini “təcavüz” və “etnik təmizləmə” əməli adlandırması yalan və saxta iddiadan başqa bir şey deyil. Görünən odur ki, Qərb ölkələri məqsədli şəkildə ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirir".
F.Yıldırım vurğulayıb ki, kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan doğru yolla irəliləməkdə davam edəcək: "Cənab Prezident İlham Əliyevin dediyi kimi, heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz, heç kim bizimlə diqtə dilində danışa bilməz! Qərbdəki havadarlarının dəstəyindən Ermənistan “ruhlanaraq” ölkəmizə qarşı növbəti dəfə hərbi təxribatlara əl atarsa, yenə də başının üzərində "dəmir yumruğu" görəcək". report.az