Siyasət 25 İyul 2023, 15:48 | Baxış sayı: 117
“FETÖ xərçəng xəstəliyinə bənzəyir, hətta Azərbaycanın radikal müxalifət düşərgəsinə də ayaq açdığı ehtimal edilir”

“Heç kimə sirr deyil ki, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Türkiyə dövləti FETÖ-nü bir nömrəli təhlükə mənbəyi kimi qəbul etdi. Bununla bağlı xüsusi işlər görüldü, çox sayda insan həbs edildi. Hazırda da bu proses davam edir. Azərbaycan bu məsələdə də Türkiyənin yanında olduğunu nümayiş etdirən tək və yeganə dövlətlərdən oldu. Bu gün də belədir. Dövlətimiz FETÖ məsələsində də Türkiyəyə hərtərfli dəstək olur. FETÖ təkcə Türkiyə üçün deyil, Azərbaycan, region üçün təhdiddir. Azərbaycanda çox sayda təhlükəli insan həbs olundu, bəzi təşkilatların fəaliyyətləri dayandırıldı. Bir çoxu Azərbaycanı öncədən tərk etdi. Hazırda da FETÖ təhlükəsi olduğu üçün Türkiyədən lazımi məlumatlar öncədən Azərbaycana ötürülüb. FETÖ-çülərin həbsi davam edir. Düşünürəm, FETÖ və bu təşkilata bağlı olan şəxslər Azərbaycanın milli təhlükəsizliyi üçün də təhddidir”.

 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

 

Deputat təəssüflə bildirib ki, FETÖ kimi təhlükəli təşkilatlara bağlı olan şəxslər həmişə hədəfi yayındırmaq üçün tamamilə fərqli insanları hədəf göstərirlər: “Azərbaycan üçün, dövlətimiz üçün faydalı, lazımi işlər görən şəxsləri ləkələmək üçün onları da FETÖ kimi təşkilatlara bağlayırlar. Ancaq xüsusi xidmət orqanları bu məsələlərdə ayıq-sayıqdırlar. Onlar bu cür cəhdlərin qarşısını uğurla alırlar. İstənilən halda belə məsələlərdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına, orqanlarına inanmalı, güvənməliyik. Onlar hər şeyi hamıdan yaxşı bilirlər. Konkret günahkar, bu işlərdə əli olan, dövlətə xəyanət edən şəxsləri və təşkilatları mütəmadi olaraq araşdırır, nəzarətdə saxlayırlar. Onlarla bağlı lazımi tədbirlər görüləcək. Ümumilikdə hansısa qurumu, dövlət təşkilatlarını hədəfə almaq, onları ləkələmək, təhdid hesab etmək düzgün olmaz. Xüsusi xidmət orqanları bütün təşkilatlarda fəaliyyətini aparır. Nəzarət mexanizmi güclü şəkildə həyata keçirilir. Azərbaycan dövləti, dövlətçiliyi, Türkiyə-Azərbaycan münasibətləri üçün inkişafımızın qarşısını ala biləcək istənilən təhdidlə mübarizə aparmaq gücümüz var. Heç kim Azərbaycana zərbə vurmaq, Azərbaycan dövlətçiliyini təhlükə altına atmaq gücündə ola bilməz. Biz Azərbaycan üçün təhlükə yarada biləcək bütün təşkilatları, bu təşkilatlara bağlı şəxsləri müəyyənləşdirib, onların lazımi cəza almalarını da təmin edə biləcəyik”.

 

N.Həmzəyev dinə bağlı istənilən təşkilatı, qurumu xərçəng xəstəliyinə bənzədir: “Təhlükəli, ideoloji, dini bir təşkilatın olması xərçəng kimi bir şeydir. Münbit şərait tapdığı an inkişaf edir, böyüyür, yayılır, nəticədə bütünlüklə dövləti məhv edir. Baxın, FETÖ-nün hətta ölkəmizin radikal müxalifət düşərgəsinə də ayaq açdığı ehtimal edilir. Azərbaycan da bunu anlayır. Xüsusi xidmət orqanlarımız bunu çox yaxşı dərk edirlər. İnanıram ki, bu məsələdə də onlar lazımi addımı atacaq, Azərbaycan üçün təhdid olan istənilən şəxs və şəxsləri, qurumları, başqa dövlətlərin xarici kəşfiyyat orqanlarına bağlı şəxsləri müəyyənləşdirəcək, həbs edəcəklər. Azərbaycan üçün hər hansı təhdid qalmayacaq. Çünki Azərbaycan Vətən müharibəsindən sonra gücünə güc qatdı, regionda yeni reallıqlar yaratdı. Bu reallıqlar fonunda Azərbaycan daha güclüdür. Azərbaycan gücləndikcə onu istəməyən qüvvələr də güclənir, bizə qarşı daha fərqli metodlardan, həmlələrdən istifadə edirlər. Bu baxımdan, Azərbaycan həm Türkiyə, həm İsrail dövləti ilə, həm də bizə yaxın olan digər dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlığını davam etdirir. Bizə gələn bütün lazımi məlumatlar araşdırılır. Nəticədə təhdid olan şəxs və şəxslər hər hansı terror təşkilatlarına bağlı olanlar istintaqa cəlb edilir. İstintaqa uyğun lazımi tədbirlər görülür. Azərbaycanda mövcud təhdidlərin qarşısının alınması üçün çox güclü potensial var. Bu işlər uğrula həyata keçiriləcək. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha da güclənəcək, inkişaf edəcək”.

 

N.Həmzəyev Türkiyə və Azərbaycan arasındakı münasibətlərə də toxunub: “Türkiyə Azərbaycan arasında olan münasibətlər uzunmüddətli dostluq, qardaşlıq əlaqələri üzərində qurulub. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılmış zəfərdən sonra və müharibənin gedişində Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın, türk rəsmilərinin, xalqının Azərbaycana verdiyi açıq siyasi və mənəvi dəstəkdən sonra bu münasibətlər daha da inkişaf etdi. Defakto olan münasibətlərimizi daha da irəli aparmaq üçün Şuşa şəhərində Şuşa bəyannaməsi imzalandı. Bundan sonra bütün sahələr üzrə Azərbaycan-Türkiyə münasibətlərində inkişafın şahidi olmağa başladıq. Yeganə nümunədir ki, Türkiyə ilə münasibətlərimiz strateji müttəfiqlik səviyyəsindən də yüksəklərdədir. Demək olar, Azərbaycan və Türkiyə bütün sahələr üzrə birlikdə irəliləyir, mövcud problemlər birlikdə dəf olunur, gələcəyə dair planlar, proqramlar tərtib edilir, hər iki dövlət bir-birinin milli təhlükəsizliyinin zəmanətidir. Hər iki dövlət bacardığı qədər çalışır ki, mövcud təhdidləri birgə dəf etsin, milli təhülkəsizlik, xarici kəşfiyyat məsələlərində də öz təcrübələrini, məlumatlarını bölüşsün”.

pravda.az

Xəbərlər