Cəmiyyət 18 Avqust 2022, 17:38 | Baxış sayı: 159
"Festivallar, musiqi tədbirləri şənlik deyil?"

Milli Məclisin deputatı Elman Məmmədov Şuşada toy edilməsinin əleyhinə səsləndirilən fikirlərə münasibət bildirib: “Biz torpaqlarımızı işğaldan azad etmişik. Təkcə Şuşa yox, azad etdiyimiz bütün torpaqlar igid Azərbaycan övladlarının qəhrəmanlığı, şəhidlərimizin tökülən qanı hesabına azad olub. Ancaq bu, o demək deyil ki, həmin torpaqlarda elə ömür boyu matəm olmalıdır. Bu, səhv fikirdir. Axı biz torpaqlarımızı düşməndən təmizləmişik. İndi o torpaqlara nə yaraşır? Quruculuq, inkişaf, bərpa, həyatın canlanması...”

Deputat açıqlamasında həmçinin bunları da qeyd edib: “Həyat olan yerdə, təbii ki, toy da, şənlik də olacaq, başqa mərasimlər də. İnsan yaşayan həyatdır və heç kimə qadağan etmək olmaz ki, bunu etmə, onu etmə. İnsan harada yaşayırsa, orada cəmiyyətə, insanlara xas nə varsa, bütün tədbirlər keçirilməlidir. 30 ildən sonra Şuşamız azaddır. Şuşada müharibədən sonrakı dövrdə respublika əhəmiyyətli, beynəlxalq səviyyəli xeyli festivallar, musiqi tədbirləri və s. keçirilib. Bunlar şənlik deyil? Bu məsələdə hansısa bir məhdudiyyətə yol vermək düzgün olmaz”

Mənbə: Pravda.az

Xəbərlər