Siyasət 17 May 2023, 19:20 | Baxış sayı: 125
“Faktlar Azərbaycana təzyiq məqsədilə saxtalaşdırılıb”

“Dünyada etnik, irqi, dini dözümlülük baxımından örnək sayılacaq bir neçə ölkə varsa, onlar arasında Azərbaycan ön sırada dayanır. Ölkə başçısının vurğuladığı kimi, bu bizim təkcə dövlət siyasətimiz deyil, həyat tərzimizdir”.

Bunu Musavat.com-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev deyib.

O bildirib ki, dini azadlıq, tolerantlıq, multikultural dəyərlərlə bağlı hesabat hazırlamağa Azərbaycanın ABŞ-dan daha çox haqqı çatır. Millət vəkili belə olan halda hesabatlarda geosiyasi maraqların deyil, reallığın əks olunacağını qeyd edib:

“Sözügedən hesabata gəldikdə, reallıqdan tamamilə uzaqdır, qərəzlidir. Faktlar Azərbaycana təzyiq məqsədilə saxtalaşdırılıb. ABŞ Etnik Anlaşma Fondunun yaradıcısı və rəhbəri ravvin Mark Şnayer ölkəmizi yəhudilərə yanaşmada nəinki müsəlman dövlətləri arasında, bütün dünyada ən tolerant ölkələrdən biri kimi dəyərləndirir. Bir neçə il öncə Los-Ancelesin baş ravvini məqalələrinin birində qeyd edirdi ki, demokratiyanın ən çox inkişaf etdiyi Skandinaviya ölkələrində belə yəhudilər milli baş geyimini başına qoyub küçəyə çıxmağa ehtiyat etdikləri halda, Azərbaycanda rahat gəzirlər. Azərbaycanda hansı dinin daşıyıcısı olmasından asılı olmayaraq, heç kimə qarşı təhdid, təzyiq yoxdur. Həbs olunan 22 nəfər din pərdəsi altında ekstremizm, cəmiyyət üçün təhlükəli hərəkətlərlə məşğul olublar. Bir sıra hallarda onlar bu istiqamətdə tapşırığı ABŞ-ın ən çox lənətlədiyi və terroru dəstəkləməkdə ittiham etdiyi İrandan alırlar”

Xəbərlər