Cəmiyyət 18 Yanvar 2022, 15:43 | Baxış sayı: 204
""Facebook" yaxud "Youtube" şirkəti ilə ikitərəfli münasibətlər qurmalı, qarşılıqlı vəzifə və öhdəliklərin müəyyən edilməsinə nail olmalıyıq".

“Azərbaycanda ayrı-ayrı dövlət məmurları, deputatlar, ictimai-siyasi xadimlərin adından müxtəlif bəyanatların yayılması və sosial şəbəkələrdə paylaşılması adi hal alıb və bu, ciddi təəssüf doğurur. Maraqlıdır ki, sosial şəbəkə istifadəçiləri də həmin deputatın, yaxud məmurun bu sözü deyib-demədiyini yoxlamadan təhqirlər yağdırırlar. Narahatlıq yaradan məqam ondadır ki, bu kimi hallar əslində ayrı-ayrı şəxslərin gözdən salınması kimi cılız məqsədlərlə məhdudlaşmır. Ölkə daxilində qanun qəbul etmək, 10-15 təxribatçını məsuliyyətə cəlb etməklə məsələ həll edilə bilməz”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputatın sözlərinə görə, belə təxribatlar dövlətin təməllərinin zədələnməsinə hesablanan məkrli planlardır və təəssüf ki, bu cür təxribatların geniş vüsət almasına səbəb olan kütlə var: “Bu, həqiqətən narahatlıq doğuran məsələdir və ciddi təhdiddir. Təsəvvür edin, bizə düşmən münasibəti bəsləyən hər hansı xarici kəşfiyyat qurumu azərbaycanlı deputatın fotosu ilə bir poster hazırlayıb, xalqın sarı siminə toxunan bəyanatı da yazıb deputatın şəklinə əlavə edərək Azərbaycan seqmentində paylaşmaqla, hətta sabitlik üçün təhdid yarada bilər. Belə olan halda, heç kim deputatın bu sözü deyib-demədiyini soruşmayacaq.  Ən acınacaqlısı isə odur ki, bu kimi təsdiqini tapmamış, ağlasığmaz məlumatlar bəzən media orqanları tərəfindən də tirajlanır. Mübarizə tədbirlərinə gəlincə, bizim klassik mənada qəbul etdiyimiz hüquqi yollar sosial şəbəkələr üçün effektiv deyil. Bəli, Cinayət qanunvericiliyində təhqir və böhtan maddələri, o cümlədən internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə adlı 148-1-ci maddə var. Lakin total mübarizə üçün biz sosial şəbəkələrlə fərqli müstəvidə işləməliyik. Biz sosial şəbəkənin özü ilə, məsələn, "Facebook" yaxud "Youtube" şirkəti ilə ikitərəfli münasibətlər qurmalı, əlaqələr üçün hüquqi baza formalaşdırmalı, insan hüquq və azadlıqlarının aliliyinin təmin olunması naminə qarşılıqlı vəzifə və öhdəliklərin müəyyən edilməsinə nail olmalıyıq. Qarşılıqlı hüquqi baza olarsa mübarizə daha sivil və daha effektiv olar”.

Xəbərlər