Siyasət 31 İyul 2023, 17:01 | Baxış sayı: 138
“Ermənistanın və havadarlarınının əsas arzusu məhz Xaçaturyanın Azərbaycanda ölüm cəzasına məhkum edilməsidir”

“25 nəfəri öldürüb, 14 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək Cinayət Məcəlləsinin 103-cü maddəsi ilə soyqırımı, 358 nəfər azərbaycanlını hüquqi əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salmaqla isə Məcəllənin 107-ci maddəsi üzrə əhalini deportasiya etmə və ya məcburi köçürmə cinayətlərini törətməkdə təqsirləndirilən hərbi cani Vaqif Xaçaturyanın ən ağır cəzaya məruz qalması, hətta barəsində ölüm hökmü çıxarılması ilə bağlı cəmiyyətdə müzakirələrin başlanması təbii və qəbulediləndir. Çünki Meşəlidə, Xocalıda divan tutulmuş, ağlasığmaz vəhşiliklərə məruz qalmış toplumdan bu əməlləri törətmiş Xaçaturyana münasibətdə təmkinli davranmasını tələb etmək asan deyil. Lakin biz cəmiyyət olaraq hansısa caniyə görə hüquq konsepsiyamızdan çəkinə bilmərik. Bilirsiniz ki, ulu öndər Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölüm cəzasının icrasına 1993-cü ilin iyun ayından faktiki moratorium qoyulmuş, sonrakı 5 il ərzində aralarında vətən və xalq qarşısında ən ağır cinayətlər törədən qatillər, təhlükəli canilər də olmaqla 120-dən artıq şəxsin barəsində ölüm hökmlərinin icrası dayandırılmışdı. 1995-ci ildə Konstitusiya qəbul edilərkən isə İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 3-cü, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 6-cı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 2-ci maddəsi ilə hər bir insanın təbii və ayrılmaz hüququ kimi təsbit olunan yaşamaq hüququna Azərbaycan Respublikasında əsaslı təminatlar verilmiş, insanın həyatdan məhrum edilməsi yolverilməz hesab olunmuş, qanunvericilikdə ölüm cəzası daimi cəza növü kimi nəzərdə tutulmayıb...”

 

Bu sözləri müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

 

Deputat bildirib ki, Heydər Əliyev 1998-ci il fevralın 3-də ölüm hökmünün ləğv olunması haqqında təşəbbüslə Milli Məclisə müraciətində bu prinsipləri daha da inkişaf etdirib, həmin il fevralın 10-da Milli Məclis ölüm hökmünün ləğvi ilə əlaqədar təklifi dəstəkləməklə Azərbaycan Şərqdə ölüm cəzasını ləğv edən ilk ölkə kimi tarixə düşüb: “Ümummilli Lider 1998-ci ildə yalnız dövlətdaxili norma qəbul etməklə kifayətlənməyərək həmin ilin 11 dekabr tarixində o dövrə qədər ölüm hökmünün ləğvinə dair əsas beynəlxalq sənəd olan “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın ölüm cəzasının ləğvinə yönəlmiş İkinci Fakultativ Protokoluna qoşulmaq barədə qanunun qəbul edilməsinə nail oldu. Bildiyiniz kimi, sonradan 25 dekabr 2001-ci ildə Azərbaycan "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiya və 6 saylı Protokola qoşulmaqla ölüm cəzasının ləğvini ehtiva edən daha bir mexanizmə daxil oldu. Lakin həmin sənədlərdə “dövlət müharibə dövründə və ya qaçılmaz müharibə təhdidi zamanı törədilmiş əməllərə görə öz qanunvericiliyində ölüm cəzasını nəzərdə tuta bilər” şəklində əksini tapmışdı. Yəni ölüm cəzası əslində tam ləğv edilmirdi. Eyni zamanda bizim Konstitusiyamızın da 27-ci maddəsinin III hissəsində ifadə olunur ki, müstəsna cəza tədbiri kimi ölüm cəzası tam ləğv edilənədək yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər. Ölüm cəzasının bütün hallarda ləğvini nəzərdə tutan sənəd isə 2002-ci ilin 3 may tarixində, Vilnüs şəhərində imzalanmış Avropa Konvensiyasına dair 13 saylı Protokol oldu. Lakin hərbi-siyasi şərait Azərbaycana bu Protokola qoşulmağa imkan vermirdi”.

 

B.Məhərrəmov bildirib ki, 2020-ci ildə Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Azərbaycanın Vətən müharibəsində inamlı qələbəsi bölgənin geosiyasi reallığı kimi, hüquqi mənzərəsini də dəyişib: “Azərbaycan şanlı Zəfəri ilə artıq bütün hallarda ölüm cəzasını ləğv etmək üçün son addımı atmaq əzmini ifadə edə biləcək bir mühitə nail oldu. Beləliklə, bu il fevralın 3-də cənab İlham Əliyev “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 13 nömrəli Protokolunu imzalamaq səlahiyyətinin verilməsi barədə Sərəncam imzaladı, martın 8-də isə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Avropa Şurasının Baş katibinin iştirakı ilə ölüm cəzasının bütün hallarda ləğvinə dair 13 saylı Protokolu imzaldı. Möhtərəm Prezident ölüm cəzasının ləğvinin vacib olduğuna əminliyi, yaşamaq hüququnun müdafiəsini gücləndirmək arzusunu və ölüm cəzasını ləğv etmək üçün son addımı atmaq əzmini ifadə etməklə hüquq məkanımız üçün yeni bir eranı başlatdı. Bu, eyni zamanda milli insan konsepsiyamızın 25 illik gərgin, hərbi-siyasi və hüquqi qələbələrdən birbaşa asılı olan təntənəsi oldu. Hazırda növbə Azərbaycan Respublikasının Konstitusiyasının 27-ci maddəsinin mətn və məzmununda dəyişiklikdədir. İnanırıq ki, referendumla bu məsələ həllini tapacaq.  ABŞ, Yaponiya, Çin, Sinqapur kimi yüksək inkişaf etmiş ölkələr başda olmaqla 30-a qədər dövlətdə ölüm cəzası qaldığı halda Azərbaycanın qət etdiyi bu hüquqi yolu bizim tariximizin insan haqları adına qızıl səhifəsidir və hansısa müharibə canisi naminə ölkəmizin keçdiyi mürəkkəb mərhələlərə kölgə salmaq olmaz. Bu mənada, əslində elə Ermənistanın və havadarlarınının da əsas arzusu məhz Xaçaturyanın Azərbaycanda ölüm cəzasına məhkum edilməsidir”.

 

Deputat deyib ki, ölüm cəzası Xaçaturyan üçün ucuz xilas olar: “Xaçaturyan hər gününü peşmançılıq içində, layiq olduğu qanuni məhrumiyyətlərə məruz qalaraq həbsxanada yaşamalıdır. Ümumilikdə, Xaçaturyana hansı cəzanın təyin edilməsi məhkəmədən asılıdır, lakin kifayət qədər ədalətli, həm də ağır cəzaya məhkum ediləcəyi heç kimdə şübhə doğurmamalıdır. Belə ki, ittiham olunduğu əməllər üzrə, Cinayət Məcəlləsinin 103-cü maddəsi üzrə, onu on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə, Məcəllənin 107-ci maddəsi üzrə isə on ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Yekun cəza da cinayətlərin məcmusu üzrə ədalətli formada təyin ediləcək. Bildiyiniz kimi, möhtərəm Prezident dəfələrlə bəyan etmişdi ki, əli azərbaycanlıların qanına batmış bütün canilər cəzalarını alacaq. Xaçaturyanın yaxalanması ilə Azərbaycan göstərdi ki, heç nə unudulmur və dövlətimiz müharibə cinayətlərinə hüquqi qiymətin verilməsi, o cümlədən 30 illik bir dövrdə sülh və insanlıq əleyhinə cinayətlər törətmiş hər bir cinayətkarın ifşa olunaraq məsuliyyətə cəlb edilməsində nə qədər qətiyyətlidir. Kimlərsə zaman keçdikcə məsələlərin unudulacağına ümid edirsə, yanılırlar. Düzdür, Azərbaycan Cinayət Qanunvericiliyi ilə müddətin keçməsinə və ittiham hökmünün icra müddətinin ötməsinə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmə hüquqi cəhətdən təsbit olunub. Lakin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğu maliyyələşdirmə əməllərinə görə müddətin keçməsi tətbiq olunmur. Bu mənada, azərbaycanlılara qarşı soyqırımı cinayətləri, o cümlədən digər müharibə cinayətləri törətmiş, sülh və insanlıq əleyhinə cinayətlər törətmiş müharibə canilərinin nə zaman yaxalanmasından asılı olmayaraq onlar mütləq qaydada cinayət məsuliyyətinə cəlb ediləcək”.

pravda.az

Xəbərlər