“Ermənistanın sülh üçün böyük maneə kimi gördüyü bu məsələ artıq qapandı”
“Üç ilə yaxın bir dövrdə Azərbaycanla Ermənistan arasında müxtəlif platformalarda aparılan danışıqlarda mövqelərimiz sülh müqaviləsinin imzalanmasına yaxınlaşmışdı. Hətta Praqada keçirilən görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Paşinyanın bu açıqlaması mövqelərimizi daha da yaxınlaşdırmışdı. Amma Fransanın məsələyə müdaxiləsi Ermənistanın sülh müqaviləsini imzalamaqdan yayındırdı”.
Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov deyib. O bildirib ki, Qarabağda yaşayan ermənilərin hüquq və təhlülkəsizliklərinin təmin olunmasından sonra Azərbaycanla sülh müqaviləsinin imzalana biləcəyi məsələsi gündəmə gətirildi:
“19-20 sentyabr tarixində ordumuzun apardığı lokal antiterror tədbirləri Qarabağdakı erməni sakinlərimizin hüquq və təhlükəsizliklərinin Azərbaycan qanunları çərçivəsində təmin olunacağı ilə başa çatdı. Bu gün Yevlax şəhərində erməni icmasının nümayəndələri ilə görüş keçirilir və ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya olunması ilə bağlı hazırlanmış yol xəritəsi təqdim olunur. Qarabağ erməniləri həmin yol xəritəsinə uyğun cəmiyyətimizə inteqrasiya olunacaqlar, onların hüquq və təhlükəsizlikləri qanunlarımıza uyğun bütün vətəndaşlarla eyni səviyyədə qorunacaq. Beləliklə, sülh müqaviləsinin imzalanmasında Ermənistanın böyük maneə kimi gördüyü bu məsələ artıq öz həllini tapmış oldu”.
Deputat əlavə edib ki, lokal antiteror tədbirləri zamanı Ermənistan özünü səriştəli apardı: “Və Qarabağ məsələsi Azərbaycanın daxili işi olduğundan yenidən müharibəyə girməyəcəyini bildirdi. Bu, ölkələrimizarası sülh müqaviləsinin qısa bir zamanda imzalanması üçün yaranmış yeni imkandır. Azərbaycanın yazdığı yeni tarix Ermənistanla müxtəlif platformalarda əməkdaşlıq etməyə və münasibətlərin normallaşdırılmasına şərait yaradır. Regionumuzda müharibə əbədi davam edə bilməz. Ölkələrimiz artıq sülh içində yaşamalıdırlar. Bu regionda yaşayan bütün ölkələrə aiddir və xalqlarımızın təhlükəsizliyi və firavan gələcəyi naminə sülh yaranmasına hər bir tərəfin töhfə verməli olduğunu hesab edirəm”.
musavat.com