Siyasət 7 İyul 2023, 15:16 | Baxış sayı: 165
"Ermənistanın sərhəddəki ekoloji fəlakətinə beynəlxalq təşkilatlar öz mövqeyini bildirməlidir"

Ötən gün Qoşulmama Hərəkatının Bakıda keçirlən toplantısında çıxış edərkən Prezident İlham Əliyev Ermənistanın ölkəmizə qarşı törətdiyi ekoloji fəlakətdən söz açıb.

“İndi Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədində xarici şirkətin cəlb olunması ilə transsərhəd ekoloji fəlakət törətməkdə davam edir. Bununla Ermənistanın 1991-ci il Transsərhəd kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasından (Espoo Konvensiyası) irəli gələn öhdəliklərini pozurlar. Bu Konvensiyada ölkələrin mənfi transsərhəd təsirlərdən qaçmaq üçün bir-biri ilə məsləhətləşmələr aparmasının vacibliyi açıq şəkildə qeyd edilir”,- deyə prezident vurğulayıb.

Bəs, Ermənistanın beynəlxalq konvensiyalara zidd addımlarının qarışısını almaq üçün beynəlxalq təşkilatlar niyə hərəkətə keçmir?

Mövzu ilə bağlı Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, deputat Asim Mollazadə Redaktor.az-la fikirlərini bölüşüb.

Deputat qeyd etdi ki, bu məsələyə mütləq beynəlxalq təşkilatlar öz mövqeyini bildirməlidir.

“Ermənistanın bu hərəkətlərinin qarşısı alınmalıdır. Bundan başqa dəfələrlə qeyd etmişik ki, Ermənistanın Azərbaycanda ətraf mühitlə bağlı cinayətləri çoxdur. İstənilən imkandan istifadə edərək Ermənistan öz nifrətini Azərbaycana qarşı yönəldir. Çox təəssüf ki, beynəlxalq təşkilatlar üzərlərinə düşən işi həyata keçirmirlər. Sanki onların gözlərini kimsə bağlayıb", - deyə A.Mollazadə bildirdi.

Xəbərlər