Siyasət 27 Mart 2023, 15:47 | Baxış sayı: 138
"Ermənistanın müttəfiqləri ciddi şəkildə tələb edirlər ki, “eyni vaxtda iki stulda əyləşmək siyasəti”ndən imtina et"

“Rusiya Prezidenti Vladimir Putinin müttəfiq dövlətdə - Ermənistanda həbs edilməsi təhlükəsi yaranıb. Bu da təsadüfi deyil. Məsələnin mahiyyəti bundan ibarətdir ki, Beynəlxalq Ədalət Məhkəməsi Putinin həbsi ilə bağlı order qəbul edib. Dünyanın əksər ölkələri də Məhkəmənin hüquqi əsasını təşkil edən Roma statutunu qəbul edib. Bu, o deməkdir ki, Haaqa Məhkəməsi bu və ya digər şəxsin həbsi ilə bağlı qərar qəbul edəcəyi təqdirdə onun reallaşdırılması ratifikasiya etmiş ölkələrdə mütləq şərt hesab olunur. Məsələyə bu kontekstdən yanaşsaq, Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsi və bu gərginliyin pik nöqtəsinə qalxması üçün çox ciddi əsaslar yaranmış olur. Səbəb budur ki, Ermənistan dövləti hələ 1998-ci ildə Haaqa Məhkəməsinin hüquqi əsasını təşkil edən Roma statutunu imzalayıb. Lakin o, sənəd ratifikasiya edilməyib. Çünki 2004-cü ildə Ermənistanın Konstitusiya Məhkəməsi imzalanmış sənədin Ermənistan Konstitusiyasına zidd olduğunu təsdiqləyib. Lakin bugünkü reallıqda Ermənistanın yenidən bu məsələyə qayıtması çoxlu suallar yaradır…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, artıq Ermənistanın Konstitusiya Məhkəməsi Roma statutunun Ermənistanın Konstitusiyasına zidd olmadığı, uyğun gəldiyi ilə bağlı tamamilə fərqli mövqe ortaya qoyur: “Yeri gəlmişkən, Rusiya Prezidentinin mətbuat katibi Peskov da bu məsələyə aydınlıq gətirib və o da təsdiqləyib ki, bəli, Ermənistanın Konstitusiya Məhkəməsi Roma statutunun Ermənistan Konstitusiyasına uyğun gəldiyini bildirib. Bir az da açıq desək, Ermənistan bu sənədi ratifikasiya edəcəyi təqdirdə Vladimir Putinin həbsi ilə bağlı öz üzərinə öhdəlik götürmüş olur. Bəs Ermənistanın bu məsələni məhz indi gündəmə gətirməsi hansı mənanı özündə ifadə edir? Görünür ki, artıq Ermənistanın beynəlxalq aləmdəki müttəfiqləri ondan ciddi şəkildə tələb edirlər ki, “eyni vaxtda iki stulda əyləşmək siyasəti”ndən imtina et, ortaya konkret mövqe qoy. “Həm Rusiyanın, həm kollektiv Qərbin yanındayam” yanaşması artıq işləmir, konkret mövqeyini ortaya qoymalısan. Əgər bizim tərəfimizdə dayanırsansa, Roma statutunu qəbul etməlisən. Görünür, artıq Paşinyana onun açıq və gizli Qərb tərəfdaşlarından çox ciddi təzyiqlər gəlir. Paşinyan da Rusiyanın Ukraynadakı müharibədə çox ciddi problemlərlə üz-üzə qalması reallığından çıxış edərək, deyəsən, Qərb istiqamətində referanslar etməyə, əyilib, şlyapasını yelləməyə başlayıb. Mənə belə gəlir ki, Erməsnitanın Roma statutunu ratifikasiya etməsi elə də inandırıcı görünmür. Çünki belə bir addım atsa, bu, ümumiyyətlə, Ermənistan və Rusiya arasında münasibətlərin tam kəsilməsi deməkdir. Bunun Ermənistan üçün hansı fəlakətlər gətirə biləcəyini pronozlaşdırmaq elə də çətin deyil. Düşünürəm, Ermənistan siyasi “alver” yolunu seçib. Rusiyadan daha çox güzəştlər qoparmaq naminə bu məsələləri gündəmə gətirir. Fərqindədir ki, belə addımların atılması Ermənistan üçün çox ciddi problemlər yarada bilər. Təkcə birini deyim – Rusiya öz qazını Ermənistana dünya bazar qiymətlərinə satsa, bu, Ermənistan üçün fəlakətdir. Ona görə də ratifikasiya edilənə qədər Rusiya və Ermənistan arasında danışıqlarda xüsusilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ilə bağlı Rusiyanın daha böyük dəstəyinə və ermənipərəst mövqeyini açıq şəkildə ifadə etməsinə nail olmaq istəyirlər. Təkrar edirəm, “siyasi alver” məsələsi gündəmdədir. Son nəticədə ratifikasiya məsələsi yenidən təxirə salına bilər”.

Xəbərlər