Cəmiyyət 20 Yanvar 2023, 11:18 | Baxış sayı: 137
"Ermənistanın məsuliyyətə cəlbi Bern mexanizminin effektivliyinin göstəricisi olacaq"

“Azərbaycan "Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında" Avropa – Bern Konvensiyası çərçivəsində ilk dövlətlərarası arbitraj prosesini başlatmaqla Ermənistandan pozuntulara son qoymağı və işğal altında olmuş ərazilərdə ətraf mühitin məhvinə görə tam kompensasiya ödəməyi tələb edir”.

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov bildirib.

 

Deputat deyib ki, Azərbaycan "Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında" 1979-cu il 19 sentyabr tarixli Avropa – Bern Konvensiyasına 1999-cu ildə qoşulub. Konvensiyanın məqsədi yabanı bitkiləri və vəhşi heyvanları, onların təbii yayıldığı və məskunlaşdıqları yerləri, xüsusilə qorunması bir neçə hökumətin əməkdaşlığını tələb edən növləri və məskunlaşma yerlərini qorumaq, bu cür əməkdaşlığa kömək etməkdən ibarətdir. Konvensiyaya qoşulan tərəflər üzərlərinə məskunlaşma yerlərinin, flora və fauna növlərinin qorunmasını və bu sahədə mümkün əməkdaşlığı ehtiva edən öhdəliklər götürür: “Konvensiyanın 4-cü maddəsinin 1-ci bəndində qeyd edilir ki, hər bir razılaşan tərəf yabanı bitkilərin və vəhşi heyvanların növlərinin, məskunlaşdığı yerlərin və təhlükə altında olan təbii məskunlaşma yerlərinin qorunmasını təmin etmək üçün müvafiq və lazımi qanunvericilik və inzibati tədbirlər görür. Habelə 5-ci maddədə imperativ şəkildə bəyan olunur ki, hər bir razılaşan tərəf yabanı bitki növlərinin xüsusi olaraq qorunmasını təmin etmək üçün müvafiq və lazımi qanunvericilik və inzibati tədbirlər görür. Bu cür bitkilərin bilə-bilə yığılması, toplanması, kəsilməsi, kökündən çıxarılmasını və ya onların satışını qadağan edir. Lakin 30 illik işğal dönəmində Ermənistanın vandal davranışları, qəsdən törədilən ekosid və urbisid cinayətləri, habelə təbii ehtiyatların yer təkinə və ətraf mühitə bərpası mümkün olmayan zərərlərlə müşayiət olunan formada qanunsuz istismarı, normadan qat-qat artıq, təhlükəli həddə çirklənmə bölgədə ekoloji fəlakətə yol açıb. Azərbaycan dəfələrlə bu məsələlərlə bağlı narahatlığını ifadə etsə də, tərəfimizdən konkret audiovizual sübutlar, işğal dövründən əvvəlki dövrlə müqayisəli statistikanı yalnız Vətən müharibəsindəki Zəfərimizdən sonra təmin etmək imkanımız oldu. Bu gün artıq Bern Konvensiyasının Rəhbər Komitəsində Ermənistanın qanunsuz işğalı dövründə ətraf mühitin məhv edilməsi nəticəsində 500-dən çox vəhşi təbiət növünün təhlükə altında qalması barədə səhih dəlillər var”.

 

Bəhruz Məhərrəmov qeyd edib ki, Konvensiyanın 18-ci maddəsinə müvafiq olaraq, Rəhbər Komitə bu Beynəlxalq Sazişdən irəli gələ bilən hər hansı çətinliyin səmimi həllini sürətləndirmək üçün bütün imkanlardan istifadə etməlidir: “Prosedura görə, tərəflər arasında danışıqlar yolu ilə həllini tapmamış hər hansı mübahisə, tərəflər başqa şəkildə razılaşa bilmədiyi halda, onların birinin tələbi ilə Arbitraj Məhkəməsinə verilir. Ermənistan konstruktivlik nümayiş etdirmədiyi və bu cinayətləri 30 il ərzində müharibə cinayətlərinin tərkib hissəsi kimi qəsdən, dövlət səviyyəsində törətdiyi, üstəlik işğal başa çatana qədər ittihamları rədd etdiyi və dəlilləri sıradan çıxarmaq üçün çoxsaylı səylər göstərdiyi üçün, habelə Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə təbii sərvətlərin hələ də qanunsuz hasil edilməsi və Ermənistandan Azərbaycan ərazisinə axan transsərhəd çayların hələ də qəsdən həddindən artıq çirkləndirilməsi davam etdiyindən hansısa ikitərəfli razılaşmanın, yaxud ortaq məxrəcin tapılması faktiki mümkünsüzdür. Belə olan halda Azərbaycan, tamamilə haqlı olaraq, beynəlxalq mexanizmin imkanlarını işə salaraq, Konvensiya tarixində ilk dövlətlərarası arbitraj prosesini başlatmaqla Ermənistandan pozuntulara son qoymağı və işğal altında olmuş ərazilərdə ətraf mühitin məhvinə görə tam kompensasiya ödəməyi tələb edir. İndi Konvensiyanın VIII fəslinə müvafiq olaraq nəzərdə tutulan prosedura uyğun olaraq hər bir tərəf bir hakim müəyyən etməli və həmin iki hakim isə üçüncü bir hakimi müəyyənləşdirməlidir. Arbitraj Məhkəməsinə verilmə barədə təklif veriləndən sonra tərəf üç ay müddətində öz hakimini təyin etmədiyi halda, həmin hakim sonrakı üç ay müddətində digər tərəfin tələbi ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən müəyyənləşdirilir. Avropa Məhkəməsi üçüncü hakimin müəyyənləşdirilməsi ilə əlaqədar razılıq olmadıqda da prosesə müdaxilə edərək özü hakimi müəyyənləşdirir. Beləliklə, Arbitraj Məhkəməsi formalaşır, məhkəmə özünün şəxsi Fəaliyyət Qaydalarını hazırlayır, tərəflərin dəlillərini qəbul edib araşdırır, Konvensiyanı rəhbər tutaraq səs çoxluğu ilə son və məcburi qərar qəbul edilir. Azərbaycanın iddialarının perspektivinə gəlincə, əsaslandığımız dəlillər kifayət qədər tutarlıdır, habelə iş üzrə sübuta ehtiyacı olmayan, artıq beynəlxalq hesabatlarda əks olunduğu üçün preyudisial əhəmiyyətli məqamlar mövcuddur. Ötən il BMT-nin Ətraf Mühit Proqramı hesabatında işğal dövründə “xüsusi mühafizə olunan və qiymətli meşələr”in qorunmadığını, “suyun, torpağın, flora və faunanın kimyəvi çirkləndiyini”, Oxçuçay çayında yüzlərlə balığın ölü tapıldığını, bir neçə qorunan balıq və amfibiya növünün təhlükə altında olduğunu bəyan edib. Yaxud Azərbaycan Xarici İşlər Nazirliyinin Bəyanatında da deyildiyi kimi, Dəmirli-1 mədəninin, Qalaça su elektrik stansiyasının və Çardağlı mədəninin tikilməsi üçün yaşayış yerlərinin məhv edilməsi də daxil olmaqla, meşələrin qırılmasının ifrat dərəcəsini göstərən əyani dəlillər mövcuddur. Bütün bunlar Bern Konvensiyasından irəli gələn hüquqi öhdəliklərin kobud surətdə pozuntusudur. Arbitraj Məhkəməsinin Ermənistanın Azərbaycanın ətraf mühitinin və biomüxtəlifliyinin geniş miqyasda məhv edilməsinə görə məsuliyyətə cəlb edilməsi barədə qərarı eyni zamanda Bern mexanizminin effektivliyi və səmimiliyinin göstəricisi olacaq”.

Xəbərlər