“Ermənistanın inkişafı qonşularla dil tapıb keçinməsindən asılıdır”
"Hesab edirəm ki, Münhen görüşünün nəticələri Azərbaycan diplomatiyasının uğurlu səhifələrindən biridir".
Bu fikirləri Demokrat.az-a millət vəkili Musa Qasımlı bildirib. Deputat qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının davam etdirilməsi və yekun nəticəyə gəlinməsi çox vacibdir:
"Zaman-zaman Gürcüstan dövləti bu təşəbbüslərlə çıxış edib. Hesab edirəm ki, Qafqaz məsələlərinə digər dövlətlər müdaxilə etdikcə hər biri öz maraqlarını qoruyur və vəziyyət getdikcə mürəkkəbləşir. Əgər Ermənistan müstəqil olarsa, xarici siyasətini özü müəyyənləşdirib sərbəst həyata keçirərsə, o zaman maraqlarının hansı ölkə ilə mehriban qonşuluqda keçirmək olduğunu bilər.
Ermənistanın inkişafı qonşularla dil tapıb keçinməkdən asılıdır. Ona görə də, Tiflisdə keçirilən danışıqlar uğurlu olarsa, bu yekunda Cənubi Qafqazın 3 dövləti arasında mehriban münasibətlərə, əməkdaşlığa gətirə bilər. Amma vacibdir ki, digər dövlətlər öz maraqlarını Cənubi Qafqaz regionunda reallaşdırmaqdan ötrü Ermənistandan istifadə etməsinlər. Çox təəssüf ki, ötən illərin təcrübəsi, Ermənistanın həmin dövlətlərin əlində alət olduğunu göstərdi".