Siyasət 15 Sentyabr 2023, 14:00 | Baxış sayı: 299
“Bakını Azərbaycandan qoparmaq istəyən düşmənlərin niyyəti puça çıxdı”

Bu gün Bakının erməni – bolşevik işğalından azad edilməsindən 105 il ötür. 

Milli Məclisin deputatı tarix elmləri doktoru professor Musa Qasımlı şərhində deyib ki, tariximizin şərəfli səhifələrindən biri 15 sentyabr 1918-ci ildə Azərbaycan və Osmanlı hərbçilərindən ibarət Qafqaz İslam Ordusunun Bakını yadellilərdən azad etdiyi gündür:

“Bu hadisə ilə Bakını əllərində saxlamağa çalışan və Azərbaycandan qoparmağa səy göstərən düşmənlərin niyyəti puça çıxdı. Xalq öz tarixi şəhərinə qovuşdu, hökumətsə paytaxtına köçdü. Şəhərdə qayda-qanun yaradıldı. Hadisədən dərhal sonra şəhərdə dükan-bazar işlədi, insanlar normal həyatlarına qayıtdı. İki il sonra Azərbaycanın dövlət müstəqilliyinə son qoyulsa da xalq Bakı uğrunda döyüşlərdə şəhid olan Qafqaz İslam Ordusu əsgər və zabitlərinin məzarlarını qoruyub, saxladı və ziyarətgaha çevirdi. Yenidən müstəqillik əldə edildikdən sonra həmin məzarlar bərpa edildi. 

Bu gün o məzarların üzərində Azərbaycan və Türkiyə bayraqları dalğalanır. 1918-ci il soyqırımı qurbanlarının, 1990-cı il 20 yanvar şəhidlərinin və I Qarabağ müharibəsində həyatlarını itirənlərin dəfn olunduğu Şəhidlər Xiyabanında Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə Qafqaz İslam Ordusunun xatirəsinə abidə qoyuldu. Bu gün həmin abidə bizim and yerimizdir. 15 sentyabr göstərdi ki, Azərbaycan və Türkiyə birgə hərəkət etdikləri zaman qarşıya qoyulan məqsədə nail olurlar. Bu gün Azərbaycan və Türkiyə Cənab Prezident İlham Əliyevin dediyi kimi bir millət, iki dövlətdən tək yumruğa çevrilib”.

demokrat.az

Xəbərlər