Siyasət 7 Avqust 2023, 17:14 | Baxış sayı: 212
“Ermənistanın ekoloji cinayətləri müharibənin davamıdır”

Bir sıra yerli qeyri-hökumət təşkilatları Ermənistanın dağ-mədən sənayesində ekoloji pozuntularla əlaqədar “Environmental Protection First” (EPF) Koalisiyasının elan edilməsinə dair bəyanat yayıblar.

Bəyanatda deyilir ki, Ermənistanın dağ-mədən sənayesində ekoloji norma və standartları kobud şəkildə pozması və oradan buraxılan zəhərli kimyəvi tullantılar Azərbaycanla sərhəddə su resurslarına, ətraf mühitə böyük ziyan vurur.

Bəyanatda Ermənistanda işləyən xarici şirkətlərin baş ofisləri, onların mənsub olduğu ölkələrin aidiyyəti rəsmi qurumları ilə, o cümlədən beynəlxalq təşkilatlarla fəal kommunikasiya, əməkdaşlıq qurmaq niyyəti ifadə olunub.


Ermənistanın tək Azərbaycanın deyil, bütün Cənubi Qafqazın ekologiyasına ziyan vuran əməlləri barədə açıqlama verən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini deputat Asim Mollazadə bunu ölkəmizə qarşı aparılan ekoloji müharibə adlandırıb. 

“"Zəngəzur mis-molibden kombinatı"nın Araz çayını zəhərləməsi, oraya ağır metallar buraxılması, Oxçuçayın çirkləndirilməsi, Naxçıvanla sərhəddə Arazdəyəndə metallurgiya zavodunun inşası kimi faktlar sübut edir ki, Ermənistan qərəzli şəkildə ekoloji normaları pozmaqla məşğuldur. QHT-lər bu məsələni gündəmdə saxlamalı, beynəlxalq, xüsusən də ekologiya ilə məşğul olan təşkilatların diqqətinə çatdırmalıdır. Çalışmalıyıq ki, dünya ictimaiyyəti Ermənistanın Azərbaycana həm də bu formada təcavüz etdiyini, müharibəni həm də təbiətə zərər yetirməklə apardığını bilsin.  

Beynəlxalq təşkilatların Ermənistana yanaşmasında hər zaman ikili standartlar olub. Hər bir halda onlar Ermənistanın ekoloji terroruna reaksiya verməlidir”.

demokrat.az
 

Xəbərlər