"Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi suverenliyimizin tam təmin olunmasının növbəti mühüm təntənəsidir"
Azərbaycanın Dövlət Sərhəd Xidməti tərəfindən Ermənistan–Azərbaycan sərhədində nəzarət buraxılış məntəqəsi quraşdırılması Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınan haqqıdır və bundan təbii heç nə ola bilməz.
Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevin "Mən nəyi, nə zaman və necə edəcəyimizi yaxşı bilirəm" dediyini xatırladan Hikmət Babaoğlu deyib ki, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması tarixi və strateji əhəmiyyətli qərar, ərazi bütövlüyü və suverenliyimizin tam təmin olunmasının növbəti mühüm təntənəsidir: “Dünyanın bütün ölkələri arasında gediş-gəlişin və dövlətlərin suveren hüquqlarının təmin olunması üçün nəzarət buraxılış məntəqələri mövcuddur və belə də olmalıdır. Ona görə də Azərbaycanın bu addımı heç kimi təəccübləndirməməlidir. Tam əksinə, beynəlxalq hüquqa və dövlətlərarası münasibətlərə hörmət edən bütün demokratik dünya bunu təqdir etməlidir. Çünki nəticə etibarilə bu qərarla Qərbin ən yaxın tərəfdaşlarından biri olan , Avropa Birliyinin enerji və logistika təhlükəsizliyinə olduqca böyük töhfələr verən bir ölkə, yəni Azərbaycan öz ərazisində hüququ bərpa etməklə terror və cinayətkarlığın qarşısını alacaq. Vətən müharibəsi başa çatdıqdan sonra Ermənistan bu vaxta qədər hələ də Azərbaycan ərazisinə terror, silah, mina və terrorçular ixrac edib. Üstəlik, təkcə Ermənistandan deyil, İran və digər ölkələrdən də Qarabağa terrorçular cəlb edilirdi. Təsəvvür edin ki, 10 noyabr 2020-ci ildə kapitulyasiya aktına imza atan Ermənistan ötən iki il yarım müddətində Qarabağda 10 min terrorçudan ibarət bir terror ordusu yaradıb və Rusiya sülhməramlılarının vasitəsilə onları silahlandırır. Deməli, nə Ermənistanın, nə də “sülhməramlıların” məramı sülh deyil. Ermənistan özünü hazır hiss edən kimi Azərbaycanla yeni müharibəyə başlamaqda maraqlı idi. Belə olan halda şübhəsiz ki, qalib Azərbaycan buna yol verə bilməz, çünki biz sülh istəyirik”.
Deputat qeyd edib ki, Ermənistan Praqa və Soçi görüşlərində Azərbaycanın ərazi bütövlüyünü qəbul edib: “Baş nazir Paşinyan son günlərdə etdiyi çıxışlarda bir daha bunu etiraf etdi və Azərbaycanla sərhəddə nəzarət keçid məntəqəsi quraşdırmağa başladı. Belə olan halda şübhəsiz ki, Azərbaycan da ölkəmizə terror və mina ixrac edən ölkə ilə sərhəddə nəzarət buraxılış məntəqəsi quraşdırmalı idi. Bu addım əslində davamlı sülhün əldə edilməsi üçün də zəruri idi. Ona görə ki, regionda sülh istəməyən qüvvələr də bu boşluqdan istifadə edərək yeni müharibə şərtləri formalaşdırmağa cəhd göstərirdilər. Nəticə etibarilə atılan bu addım Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsinə xidmət edəcək”.