Siyasət 19 Aprel 2023, 17:39 | Baxış sayı: 186
“Ermənistandakılar yaxşı bilir ki, Azərbaycan Prezidenti, sadəcə, sözlə pressinq xarakteri daşıyan çıxış etmir, bu, real xəbərdarlıqdır”

 

“Prezident İlham Əliyev siyasi kursunun ən xarakterik xüsusiyyəti sözü və imzasının bir olmasıdır, yəni hansısa bəyanat verilirsə, bu bəyanatın arxasında real fəaliyyət dayanır, yaxud səslənən fikilər nəticə əsaslı açıq xəbərdarlıq xarakteri daşıyır. Bu mənada dövlət başçısının aprelin 18-də AzTV-yə müsahibəsində səsləndirdiyi bəyanatlar region gündəliyinin inkişaf konturları hesab olunmalıdır. Verilən mesajlardan ilk növbədə hər kəs, o cümlədən Ermənistan və havadarları bir daha yəqin etdi ki, Bakının mövqeyində geriləmə yoxdur, əksinə, zaman keçdikcə şərtlər İravan üçün daha da ağırlaşır. Bakı üçün artıq Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanat qaneedici deyil. Cənab İlham Əliyevin ifadə etdiyi kimi, “vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir”. Digər tərəfdən, Prezident öz ritorikası ilə göstərdi ki, Azərbaycanın ən böyük güzəşti sülh prosesinə və beynəlxalq hüququn prinsiplərinə sədaqətdir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

 

Deputat bildirib ki, beynəlxalq hüquqda isə ərazi bütövlüyü və dövlətin suveren hüquqları bütün prinsiplərin təməlində dayanır: “Yəni bu prinsiplərə müvafiq şəkildə, Qarabağ Azərbaycanın daxili işi olaraq qalacaq və hansısa separatçı cəhdə isə rəvac verilə bilməz. Cənab İlham Əliyevin bu məsələdə mövqeyi də kifayət qədər aydın və qətiyyətlidir. “Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar”. Ermənistandakılar da, Qarabağdakı separatçılar da yaxşı bilir ki, Azərbaycan Prezidenti, sadəcə, sözlə pressinq xarakteri daşıyan çıxış etmir, bu, real xəbərdarlıqdır. Yəni cənab İlham Əliyev 2023-cü ilin sülh üçün son şans olması ifadəsini əbəs yerə işlətməyib. Təsadüfi deyil ki, dünənki çıxışda ermənilərin verə biləcəyi  “Əks halda nə ola bilər?” kimi suallar da açıq qalmadı. Cənab İlham Əliyevin cavabı qısa, konkret oldu:  “Onlar yaxşı fikirləşsinlər. Bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər”. Əslində, cənab Prezidentin bəyanatları həm də Azərbaycanda sağlam daxili auiditoriyanı düşünməyə vadar etməlidir. Unutmamalıyıq ki, bir neçə il öncəyədək məzlum, əzilən, işğala məruz qalan tərəf olan Azərbaycan artıq yeni reallığın diqtə edənidir, həm də hər kəsin gözü önündə, beynəlxalq hüququ rəhbər tutaraq haqqını istənilən yolla bərpa etmiş və edəcək gücdür.  Yəni biz dəyişən reallığın, artan gücümüzün fərqinə varmalıyıq, bu reallığın tarixi proseslərin təbii axarının yox, məhz cənab İlham Əliyevin fəaliyyətinin nəticəsi olduğunu anlamalıyıq”.

Xəbərlər