"Ermənistanda Azərbaycana qarşı etnik nifrət var"
“Yolunu azaraq Ermənistan sərhədlərini keçən azərbaycanlı əsgərlərə qarşı törədilən hərəkətlər və verilən işgəncələr barbarlıqdır. Bu beynəlxalq, humanitar və əsir və girov götürülmüş şəxslərlə bağlı qəbul edilmiş konvensiyaya qarşı ziddir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini deputat Hikmət Məmmədov deyib.
Onun sözlərinə görə, bu bir daha onu göstərir ki, Ermənistanda Azərbaycana qarşı etnik nifrət var: “Ermənistanda ümumi ictimai rəy faşizm əsasında formalaşıb. Üstəlik də törədilən hərəkətlərin sosial şəbəkələrdə, internet resurslarında yayılması və törətdikləri bu cinayətdən ermənilərin çəkinməməsi bir daha beynəlxalq ictimaiyyətin, müvafiq qurum və təşkilatların qınağından çəkinməmələri ilə əlaqədardır. Çünki ikili standartlar siyasətdə olduğu kimi hüquqda da, vətəndaşların, girov və əsirlərin hüquqlarının qorunmasında da çox təəssüf ki, Avropa İnstitutları tərəfindən tətbiq edilməkdədir. Ona görə də bu heç şübhəsiz ki, ilk növbədə beynəlxalq qurumlar, müvafiq təşkilar və insan haqları təşkilatları tərəfindən qınanılmalıdır. Bu hərəkətləri Ermənistandan olan hüquq müdafiəçiləri, ziyalılar, vətəndaş cəmiyyətindən heç birinin qınamaması onu göstərir ki, doğurdan da bu cəmiyyət faşizm əsasında formalaşıb və Azərbaycan xalqına qarşı etnik nifrətə köklənib.
Biz əminik ki, Azərbaycan əsgərlərinin vətənimizə qayıtması üçün hər cür fəaliyyət həyata keçiriləcək".