Siyasət 5 Oktyabr 2023, 17:03 | Baxış sayı: 128
“Ermənistan yeni müharibə başlatmaq fikrində olsa, Cənubi Qafqazda erməni dövləti qalmayacaq”

Fransa xarici işlər naziri Ketrin Kolonna erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib ki, Paris gələcəkdə İrəvanla Ermənistana hərbi texnikanın verilməsini mümkün edəcək saziş bağlamağa razıdır.

"Fransa gələcəkdə Ermənistana öz təhlükəsizliyini təmin etmək üçün hərbi texnika verməyə imkan verəcək saziş imzalamağa razılıq verib. Hələlik bu barədə ətraflı danışa bilmərəm", - Kolonna qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyi isə öz növbəsində Fransa tərəfinin bu addımını qəbuledilməz adlandırıb.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Elman Məmmədov açıqlamasında bildirib ki, Fransa bu gün Cənubi Qafqaz bölgəsinə girmək və gərginliyi yenidən alovlandırmaq üçün Ermənistandan alət kimi istifadə edir: 

“Ermənistan Fransa kimi ölkələrin vədlərinə aldanaraq xam xəyallara dalıb, Azərbaycana qarşı yeni müharibə başlatmaq fikrində olsa, yəqin ki, bu dəfə Cənubi Qafqazda erməni dövləti qalmayacaq. Fransanın canfəşanlığı heç də ermənilərin xeyrinə deyil. Onun bu hərəkətləri bölgədə sabitliyin yaranmasına, Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün olmasına ciddi təhlükə törədir. Fransa kimi ölkələr guya ki, Rusiyanı sıxışdırmaqla bölgəyə sülh gətirəcəklər. 

Hesab edirəm ki, bu addımlar bölgədə yenidən gərginliyin yaranmasına səbəb ola bilər. Prezident İlham Əliyevin Qranada görüşündən imtina etməsinin də əsas səbəbi Fransanın qərəzli davranışlarıdır”. 

demokrat.az
 

Xəbərlər