Siyasət 11 Oktyabr 2022, 13:03 | Baxış sayı: 171
"Ermənistan təzminat ödəyə bilmirsə, bütövlükdə Qərbi Zəngəzuru versin"

Milli Məclisin deputatı Elman Məmmədov həmkarı Zahid Orucun “Ermənistanın təzminat ödəməyə imkanı yoxdursa, bu, torpaq və digər formalarda ödənilə bilər” təklifinə münasibət bildirib.

 

E.Məmmədov Pravda.az-a açıqlamasında deyib ki, dünya təcrübəsində tarixən belə hallar olub.

 

“Təzminatını, borcunu ödəyə bilməyən tərəf bunu zərərçəkmiş tərəfin tələbi ilə müəyyən ərazilərlə əvəzləşdirib. Belə şeylər tarixən olub. Zahid Oruc bu məsələdə haqlıdır. Bu gün onsuz da dilənçi vəziyyətində yaşayan Ermənistanın bizə 100 milyardlarla dollar həcmində təzminat ödəmək gücü yoxdur. Əgər Azərbaycan tərəfi, rəhbərliyi bu məsələ ilə bağlı razılaşsa, belə tələb qoya bilər”, - E.Məmmədov qeyd edib.

 

Deputat “Ermənistandan təzminat əvəzinə hansı ərazilər tələb edilə bilər?” sualına isə belə cavab verib: “Onsuz da bugünkü “Ermənistan” adlanan dövlətin bütün ərazisi bizim tarixi torpaqlarımızdır. Hazırda bizim üçün maraqlı olan, iddiasını etdiyimiz Zəngəzur dəhlizi məsələsidir. Məsələn, bu ərazinin - bütövlükdə Qərbi Zəngəzur ərazisinin və başqa ərazilərin də iddiasını edə bilərik. Lakin hesab edirəm ki, ilk Qərbi Zəngəzurdan başlamaq məqsəduyğun olar”.

Xəbərlər