Siyasət 17 Aprel 2023, 14:02 | Baxış sayı: 108
"Ermənistan təcili olaraq bütün beynəlxalq yarışlardan təcrid edilməlidir"

"Ermənistan təcili olaraq bütün beynəlxalq yarışlardan təcrid edilməlidir. Beynəlxalq idman yarışlarının Ermənistanda keçirilməsi uzun müddət qadağan edilməlidir. Çünki Ermənistan bu cür yarışların təhlükəsiz keçirilməsini təmin edə bilmir. Azərbaycan bayrağına qarşı edilmiş hörmətsizlik, təhqir, bayrağımızın yandırılması əsas verir ki, İrəvan bütün beynəlxalq yarışlara ev sahibliyi etmək hüququndan məhrum edilsin. Ümumiyyətlə, son günlər müşahidələrim bunu deməyə imkan verir ki, Ermənistanın Azərbaycana qarşı hücumları ardıcıl şəkildə həyata keçirilir. Onlar faşist siyasətlərini, xəstə təxəyyüllərini işə salıblar, Azərbaycana qarşı nifrət püskürürlər".


Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.


Deputat bildirib ki, şərti sərhəd ərazisində Azərbaycan hərbçilərinə qarşı təxribat törədilməsi, hərbçilərimizin şəhid olması, əsir düşmüş hərbçilərimizə qarşı qəddarcasına davranış, onlara insanlıq əleyhinə cinayət törədilməsi, işgəncə edilməsi, nəhayət, bütün bu hadisələrin kuliminasiya nöqtəsi kimi Dövlət bayrağının yandırılması ermənilərin Azərbaycana qarşı nifrətinə nümunədir:


"Hal-hazırda Azərbaycan idmançılarının həyatı təhlükədədir. Ermənistan tərəfinin idmançılarımızın təhlükəsizliyini təmin etmək niyyətlərinə inanmıram. Çox düzgün qərardır ki, idmançılarımız yarışları dayandırıblar və Vətənə qayıtmaq barədə qərar verilib. Bundan sonra çalışmalıyıq ki, beynəlxalq ictimaiyyət və təşkilatlara ermənilərin əsl simalarını, xislətlərini, əsl niyyətlərinin nədən ibarət olduğunu göstərək. Beynəlxalq təşkilatları məcbur edək ki, erməni niyyətini, vandalizmini, terrorizmini, əsl simalarını görsünlər, anlasınlar".

Xəbərlər